Nurəngiz Günün 80 illik yubileyinə həsr edilən kitabın və saytın təqdimatı keçirilib

Bu gün şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Nurəngiz Günün 80 illik yubileyinə həsr edilən "Güllərin soyqırımı" adlı kitabın və saytın təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva, Elmira Axundova, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq, Nurəngiz Günə yazılmış poema və sayt haqqında danışıb: "Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Nurəngiz Günün 80 illik yubileyi ilə bağlı kitabın təqdimatına və saytın açılışına yığışmışıq. Saytda N.Günlə bağlı səsyazmalar, həyat və yaradıcılığı ilə xəbərlər yer alıb. Bu saytda oxucular Nurəngiz xanımın şeirləri ilə də yaxından tanış olmaq imkanı qazanacaqlar.

Şair, publisist Maşallah Məftunun "Güllərin soyqırımı" adlı kitabında isə bütövlükdə ölməz şairəmiz Nurəngiz Günün həyatının və ədəbi yradıcılığının müəyyən bir qismi əhatə olunub. Poema iki hissədən ibarətdir. Birinci hissədə müəllif N.Günün yaradıcılığından nümunələr verməklə sözün fəlsəfi baxımdan alt qatlarına enməyə çalışaraq, şairənin ictimai-əxlaqi məramı, ideya məzmunluğu haqqında oxuculara məlumat verir. Poemanın ana xətti Nurəngiz Günün döyüşkən, mübariz ruhlu olması, üsyankarlığı-bəddi motivlərlə qələmə alıb.

Poemanın ikinci hissəsində Qarabağ müharibəsi, onun törətdiyi fəsadlar, erməni faşizmi, eləcə də Xocalı soyqırımı, milli və bəşəri duyğularla öz əksini tapıb”.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Nurəngiz Günü 60 ilə yaxın tanıdığını bildirib: “Nurəngiz Gün çox gözəl şairə idi. Onun şeirlərində qəm-kədər var idi. Bəlkə də bu onun həyatı ilə bağlı idi. Bir sözlə N.Günün ədəbiyyatımızda böyük yeri var idi. Şair Maşallah Məftunu da "Güllərin soyqırımı" adlı kitabına görə təbrik edirəm”.

Xalq şairi Fikrət Qoca Nurəngiz Günün ədəbiyyata böyük marağının olduğu və şairə kimi hər kəs tərəfindən sevildiyini diqqətə çatdırıb.

Xalq şairi Nəriman Həsənzadə Nurəngiz Günlə yaxın dost olduqlarını bildirib: “Müəllif iki hissəli Nurəngiz Günlə bağlı çox gözəl poema yazıb. Nurəngiz xanımla mən yaxın dost olmuşuq. O, əbədidir. N.Günə iki şeirimi də həsr etmişəm”.

Millət vəkili Elmira Axundova Nurəngiz Güllə bağlı məqalə yazdığını söyləyib. O, N.Gülü hər zaman hörmətlə xatırlayacağını bildirib.

Millət vəkili Qənirə Paşayeva mərhum şairə ilə tez-tez görüşdüyünü dilə gətirib: “Nurəngiz xanım sağlığında bir çox çətinliklərlə üz-üzə gəlib. Lakin o heç vaxt azadlığını əldən verməyib. Nurəngiz Günü xatırlayanda 3 xarakteri yadıma düşür. O, azad, sevgi dolu, cəsarətli xanım idi. Nurəngiz xanım şairələr arasında hər zaman sevilib və seçilib. Onu da qeyd edim ki, Nurəngiz Günün 26 fevral Xocalı faciəsi ilə bağlı əsəri unudulmazdır. Nurəngiz xanımı hər zaman xatırlayacağıq”.

Qeyd edək ki, tədbir çıxışçılarla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə