Azərbaycan “Tasanno-2018” milli mətbəx festivalında təmsil olunub FOTOLAR

Daşkənddəki “Tashkent palase lotte” otelində Özbəkistanın dövlət müstəqilliyinin əldə olunmasının 27-ci ildönümü ilə əlaqədar “Tasanno-2018” adlı milli mətbəx festivalı keçirilib.

Özbəkistanda fəaliyyət göstərən səfirliklər, mədəniyyət mərkəzləri festivalda öz xalqlarının adət-ənənələrini nümayiş etdirib, qonaqlara milli yeməklərini və şirniyyatlarını təqdim ediblər. SİA-nın məlumatına görə, festivalda Azərbaycan, Çin, Rusiya Federasiyası, Macarıstan, İndoneziya, Qazaxıstan, Latviya, Banqladeş, Tacikistan, Türkmənistan və s. ölkələr iştirak ediblər.

Azərbaycanı Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Azərbaycan tərəfi üçün ayrılmış guşədə ölkəmizin bayrağı asılıb, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi uğurları ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli mətbəximizlə əlaqədar nəşrlər, suvenirlər nümayiş etdirilib.

Qonaqlara milli xörəklərimiz - dolma, plov, dovğa, həmçinin kükü, kətə və qutablar, şirniyyatlarımızdan şəkərbura, paxlava, qoğal və şərbətlərimiz təklif olunub.

Festivalı giriş sözü ilə Özbəkistanın Nazirlər Kabineti yanında Xarici ölkələrlə dostluq əlaqələri və millətlərarası münasibətlər üzrə Komitənin sədri Rüstambek Qurbanov açaraq tədbirin əhəmiyyətindən danışmış, son illərdə Özbəkistanda hər bir sahədə geniş islahatların aparıldığını, ölkədə mədəniyyət sahəsində də möhtəşəm tədbirlərin keçirildiyini qeyd edib. Rüstambek Qurbanov “Tasanno-2018” adlı milli mətbəx festivalına marağın böyük olduğunu və builki Festivalda milli kulinariyadan əlavə olaraq müxtəlif ölkələri təmsil edən musiqi və rəqs kollekstivlərinin iştirakının da nəzərdə tutulduğunu qeyd edib.

Daha sonra Festivalda iştirak edən musiqiçilərin iştirakı ilə bədii proqram təqdim olunub. Müxtəlif ölkələrin milli rəqsləri, musiqiləri təqdim olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Tədbirdə Azərbaycanın Xalq Artisti Gülyanaq Məmmədova bir sıra Azərbaycan və Özbək mahnılarını ifa edib. Çıxış tamaşaçıların alqışları ilə qarşılanıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri də milli rəqslərimizi ifa ediblər. Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə