Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni teatr əlaqələrinin qurulması və sənət, teatr təcrübəsinin mübadiləsi məqsədilə növbəti beynəlxalq teatr festivalında iştirak edəcək.

Teatrdan SİA-ya bildirilib, bu dəfə kuklaçılar sentyabrın 22-dən 24-dək Rusiya Federasiyasının Həştərxan vilayətində keçiriləcək “Xəzərin sahili” (“Kaspiyskiy bereq”) adlı VI Beynəlxalq Teatr Festivalına qatılacaqlar.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq tədbirdə ölkəmizi teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə yaradıcı qrup təmsil edəcək.

Teatr təmsilçilərimiz Xəzəryanı ölkələrin kukla teatrlarının festivalda repertuarın yeni nümunəsi olan “Üç cəsur” tamaşaçı ilə çıxış edəcəklər. Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum pyesinin motivləri əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru və rus dilinə tərcümə edəni Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.

Tamaşada rolları Rauf Babayev, Afət Ağayeva, Lina Məmmədobva, Elmira Hüseynova, Adil Dəmirov və başqaları ifa edirlər.

Qeyd edək ki, festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı və Həştərxan Vilayət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Festivalda ölkəmizlə yanaşı, müxtəlif kukla teatrları da iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə