“Dədə Qorqud” kamera orkestrinin təqdimatı olacaq

Sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” kamera orkestrinin təqdimat mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, tədbir Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunur.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan, Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilib. Fond türkdilli xalqlara məxsus mədəniyyət, tarixi irsin mühafizəsi və təbliğ edilməsi yönündə fəaliyyət göstərməkdədir. Hazırda Fondun dəstəyi ilə türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təbliğ edilməsinə dair müxtəlif layihələr üzrə işlər aparılmaqdadır.

Bu layihələrdən biri “Dədə Qorqud” kamera orkestrinin yaradılmasıdır. Türk dünyasının ortaq yazılı abidəsi olan “Kitabi - Dədə Qorqud”un baş qəhrəmanının adını daşıyan “Dədə Qorqud” kamera orkestri özündə türk dünyası dövlətlərinin musiqiçilərini birləşdirir. Orkestrın bədii rəhbəri və dirijoru Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovdur.

“Dədə Qorqud” kamera orkestrı türk dünyasının zəngin mədəniyyət və incəsənətini, xalq yaradıcılığını, dahi bəstəkarlarının əsərlərini dünyada tanıtmaq məqsədilə fəaliyyət göstərir və bu istiqamətdə türkdilli xalqların musiqisini beynəlxalq platformada ifa edir.

Konsertdə Azərbaycanda rəsmi şəxslər, akkreditə olunmuş diplomatik nümayəndəliklər, beynəlxalq təşkilat rəhbərləri, deputatlar, mədəniyyət xadimləri iştirak edəcəklər.

Orkestr Azərbaycan Xalq Cumhuriyyətinin və Qafqaz İslam ordusunun yaradılmasının 100 illik yubileyləri münasibətilə sentyabr 20-də Bakıda, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsilə əlaqədar sentyabrın 22-də isə Naxçıvanda konsert proqramları ilə çıxış edəcək.

Tədbirlərdə türk dünyası bəstəkarlarının əsərləri, xalq mahnıları və türkülər səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə