Bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub FOTOLAR

Muzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülmüş incəsənət nümayəndələrinə fəxri adların vəsiqələri təqdim edilib. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.

Bildirib ki, bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, hazırda ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir.

Vurğulanıb ki, mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir. Bu gün mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqət deməkdir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Şərəf”, “Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Xalq artisti”, “Xalq rəssamı”, “Əməkdar rəssam”, “Əməkdar artist” fəxri adlarına layiq görülmüş şəxslərə mükafatların vəsiqə və medalları təqdim olunub.

Təltif edilənlər onlar üçün ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olunub.

Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və mədəniyyətimizin təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə