Malatya Film Platforması ilk müqaviləsini Azərbaycanla bağlayıb

Noyabrın 9-dan 15-dək Türkiyənin Malatya şəhərində keçiriləcək Malatya Film Festivalı önəmli bir yeniliyə imza atacaq. Belə ki, festival növbəti illərdə böyük bir fonda planlaşdırdığı platformanın ilk sazişini Azərbaycanla imzalayıb. SİA-nın Türkiyənin dadakitab.com saytına istinadla verdiyi xəbərə görə, platformanın təqdimatı və müqavilənin imzalanması məqsədilə Malatya şəhərində mətbuat konfransı keçirilib. Konfransda Malatya Şəhər Bələdiyyəsinin sədri Hacı Uğur Polad, Malatya Beynəlxalq Film Festivalının direktoru Suat Köçər, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Gənc Kinematoqrafçılar Assosiasiyasının sədri, tanınmış rejissor Elçin Musaoğlu, Platforma direktoru Bəlqis Bayraq iştirak ediblər.

Konfransda Malatya Beynəlxalq Film Festivalının direktoru Suat Köçər Türkiyə-Azərbaycan əməkdaşlığı və Malatya Beynəlxalq Film Platforması haqqında məlumat verib. Qardaş ölkə ilə müştərək tarixi və mədəni bağları olan ölkəmizin bu platformaya qoşulmasının önəmini qeyd edən S. Köçər festivalın kinematoqrafçılar üçün əhəmiyyətli bir cazibə mərkəzi olacağına əminliyini ifadə edib.

C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov Türkiyə ilə kino sahəsində birgə əməkdaşlıqdan məmnun olduğunu deyərək bu platformanın mövcud sahədə daha da yaxşı əməkdaşlıq üçün zəmin yaratdığını deyib.

Qeyd edək ki, bu il səkkizinci dəfə təşkil olunacaq Malatya Beynəlxalq Film Festivalına 188 ekran əsəri təqdim olunub.

Festival Malatya Şəhər Bələdiyyəsi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi və Malatya Şəhər Meriyasının dəstəyi ilə reallaşacaq.

Festival Türkiyənin milli kino sahəsinin inkişafına təkan vermək, təcrübəli kinematoqrafçıları dəstəkləmək, habelə yeni istedadları üzə çıxarmaq məqsədi daşıyır. Festivala ötən il olduğu kimi, bu il də xaricindən çoxsaylı təcrübəli kinematoqrafların qatılacağı gözlənilir.

Festivalın şərtlərinə əsasən, finala qalan 20 layihə arasından münsiflər heyəti tərəfindən seçiləcək ikisi uzun, üçü qısametrajlı film olmaqla 5 layihəyə dəstək mükafatları veriləcək. Sözügedən festivalda ölkəmizin də iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin fevral ayında yeddinci dəfə təşkil olunan festivalda azərbaycanlı rejissor Elçin Musaoğlunun ekranlaşdırdığı “Türkiyə mənim də Vətənimdir” adlı sənədli filmin təqdimatı olub. 15 iyul gecəsi baş verən dövlət çevrilişi cəhdi zamanı Türkiyədə yaşanan hadisələrin azərbaycanlıların gözü ilə lentə köçürüldüyü sənədli filmin çəkilişləri Bakı, İstanbul, Ankara, Sakarya və Malatyada aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...