“Tahir Salahov: Musiqiçilərin portretləri” adlı tədbir keçirilib

Sentyabrın 12-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq rəssamı Tahir Salahova həsr edilmiş “Tahir Salahov: Musiqiçilərin portretləri” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sənətkarın yaradıcılığından söz açıb. Bildirilib ki, Azərbaycanın müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi T. Salahov yaratdığı əsərlərlə milli mədəniyyətimizə özünəməxsus töhfələr verməklə yanaşı, onu dünyada təbliğ edib. Rəssamın əsərləri dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır. Onun şah əsərlərindən biri müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunub.

Vurğulanıb ki, Tahir Salahov milli sənət xəzinəsinin qızıl fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində yeni parlaq səhifə açıb. Onun dünyanın mötəbər muzeylərində və qalereyalarında saxlanılan, müxtəlif sərgilərdə nümayiş etdirilən tabloları çoxəsrlik ənənələrə malik Azərbaycan incəsənətinin şöhrətini yüksəklərə qaldırıb.

Sonra sənətkarın özü çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Qonaqlar sənətkara həsr edilmiş “Dünya rəssamı. Tahir Salahov” adlı filmi izləyiblər.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə klassik Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə