Azərbaycanda ilk dəfə aşpazlarının birinci konqresi keçirilib

Avqustun 21-də Bakı “Boulevard Hotel”də ölkəmizin qastronomik həyatında əlamətdar hadisə - Azərbaycan aşpazlarının birinci konqresi keçirilib. SİA xəbər verir ki, tədbirə Azərbaycan və müxtəlif ölkələrdən 200-dən çox aşpaz və qida istehsalı ilə məşğul olan mütəxəssis qatılıb.

Konqresdə çıxış edən “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, kulinar bloger Fərhad Aşurbəyli təmsil etdiyi birlik və onun fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, ictimai birlik tərəfindən bir neçə irimiqyaslı layihələrə start verilib.

F.Aşurbəyli bildirib ki, konqresin əsas məqsədi təcrübə və fikir mübadiləsi aparılması üçün platforma yaratmaq, aşpaz və qida istehsalçılarını bir araya toplamaqdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Fərid Əmirov ölkəmizdə bu sahənin daim diqqət mərkəzində olduğunu söyləyib.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Elgün Əliyev qeyd edib ki, konqresin keçirilməsi Azərbaycanda mətbəx və kulinariya sahəsi ilə yanaşı, turizm və turistlərə yüksək səviyyədə xidmət sahələrinin inkişafına da təkan verəcək.

Konqres çərçivəsində aşpazlara həsr olunmuş Chefs.az saytının təqdimatı olub. Bildirilib ki, bu sayt vasitəsilə oxucular aşpazların reyestri, vakansiyalar bölməsi, xəbərlər və digər faydalı məlumatlara çıxış əldə edəcəklər. Həmçinin uşaq evləri və aztəminatlı ailələrdə böyüyən gənclərə aşpazlıq sənətinin əsaslarını öyrənməyə köməklik edəcək “İlk addım” xeyriyyə layihəsinin təqdimatı olub.

Qeyd edək ki, xeyriyyə məqsədi daşıyan sözügedən layihə Hesab.az/Goldenpay ilə birlikdə təşkil olunub. Layihə çərçivəsində dörd gəncin İstanbulda təhsil almasına imkan yaradılacaq.

Həmçinin konqres çərçivəsində “Azərbaycan Aşpazlarının Gildiyası”nın yaradılmasına qərar verilib. Daha sonra inkişaf planları və gələcək perspektivləri haqqında müzakirələr aparılıb.

Konqresin təşkilatçısı kulinar bloger Fərhad Aşurbəylinin sədrlik etdiyi “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə