Azərbaycan türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edəcəkdir

Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən təşkil olunan türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun Astana şəhərində təsis toplantısı keçirilmişdir.

Əlamətdar haldır ki, Beynəlxalq İşçi Qrupunun sədri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev seçilmişdir.

İşçi qrupunun yaradılmasında məqsəd türkdilli xalqların maddi-mədəni mirasının qoruyucuları olan muzeylərimizlə elmi və mədəni əməkdaşlığı canlandırmaq, ortaq dəyərlərimizin beynəlxalq ictimaiyyətə daha təsirli təqdimatı üçün onlar arasında vahid metodoloji standartların işlənib hazırlanmasıdır. Bundan əlavə, Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupu muzeyşünaslıq məsələlərində metodoloji şura funksiyanı üzərinə götürmüşdür.

Toplantıda TWESCO-nun prezidenti Darxan Kıdırəli, Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi aparatının katibi Kuatjan Ualiyev, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Monqolustanın muzeyşünaslıq işləri üzrə rəsmi nümayəndələri, muzey rəhbərləri, TÜRKSOY və Macarıstanın Astanadakı səfirliyinin təmsilçiləri iştirak etmişdir.

Toplantı nəticəsində Türk və türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun Əsasnaməsi təsdiq olunub.

Əsasnamədə türkdilli dövlətlərin muzeylərində vahid standartların tətbiqi, universal dəyər daşıyan muzey əşyalarının qarşılıqlı surətlərinin hazırlanması və mübadiləsi, Avrasiya türkdilli xalqların maddi və mədəni mirasının qorunması, bərpası, dünyaya tanıdılması üçün vahid standartların hazırlanması, milli muzeylər arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi kimi məsələlər qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə