"Еuronews": Neftdən gələn sağlamlıq

"Azərbaycan dünyada bənzəri olmayan bir müalicə üsuluna malikdir - Naftalan nefti ilə müalicə. Bakının 60 kilometrliyində yerləşən Naftalandakı bu möcüzəli yağ dəri xəstəlikləri, revmatizm, qan dövranı və s. müalicəsi üçün şəfa mənbəyidir". SİA xəbər verir ki, bu barədə "Euronews" telekanalının Naftalan neftindən bəhs edən reportajında deyilir.

Məşhur aparıcı Serxio Kantone reportajında Naftalan şəhərinin turizm sahəsində geniş təcrübəsi və dünyada bənzəri olmayan bu neftlə müalicə üsulları barədə məlumat verir.

Müəllif qeyd edir ki, Naftalan nefti nəqliyyat yanacağı üçün istifadə edilən neftdən deyil. Onu fərqləndirən və möcüzəli edən məhz orqanizm üçün xeyirli xüsusiyyətləridir.

Reportajda Naftalan neftinin orqanizmə müsbət təsirlərindən, insanların bu neftə üstünlük vermələrinin səbəblərindən danışan həkim Dilbər Kazımova onun hansı xəstəliklər zamanı faydalı olması barədə ətraflı məlumat verib.

Müəllif onu da diqqətə çatdırıb ki, burada təyin edilən müalicə müddətində xəstələr hər gün 10 dəqiqə neft vannası qəbul edirlər. Bu vannalar bir çox xroniki xəstəliklərin müalicəsində də müsbət təsirə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə