Azərbaycanın YUNESKO ilə əlaqələri yüksək səviyyədə inkişaf edir

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. BMT-nin bu ixtisaslaşmış orqanının vəzifəsi müharibə nəticəsində dağıdılmış ölkələrdə sinif otaqları tikmək, yaxud elmi nailiyyətləri nəşr etməklə məhdudlaşmamışdır. YUNESKO-nun fəaliyyəti daha ali məqsədə - təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlmişdir. YUNESKO irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoymuşdur. Həmin dövrdən başlayaraq bu günə qədər bura üzv olan dövlətlərin sayı artmışdır. Azərbaycan - YUNESKO əlaqələrini bu sırada xüsusi olaraq qeyd etməliyik. Bu əlaqələndirici körpünün əsası müstəqillik dövründən başlamışdır. Öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verən YUNESKO ilə əməkdaşlıq etmək qərarına gələn Azərbaycan həmin təşkilata daxil olmuşdur.

Bu gün Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, Muğam sənətinin, Aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, Tar ifaçılığı sənətinin, Azərbaycan kəlağayısının və s. YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyevunun prezidenti Mehriban xanım Əliyevanın rolu xüsusidir. Belə bir layihələri həyata keçirən Mehriban xanım Əliyevanın humanizm ideyalarının beynəlxalq aləmdə əks-səda doğurmasının nəticəsidir ki, Ona bu təşkilatın Xoşməramlı səfiri adı verilmişdir. 14 il əvvəl Mehriban xanım Əliyeva Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsində xidmətlərinə, həmçinin YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın Xoşməramlı səfiri adına layiq görülüb. Qurulan əməkdaşlıq Azərbaycanın sərvətlərinin beynəlxalq məkanda dəyərləndirilməsində bir körpü rolunu oynayıb.

2013-cü ildə YUNESKO-nun qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycan eyni müvəffəqiyyətlə hər iki ildən bir YUNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməkdədir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti 43-cü sessiyasına ev sahibliyi etmək hüququ əldə etmişdir. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında imzaladığı Sərəncama əsasən, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu il 30 iyun–10 iyul tarixində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Beynəlxalq tədbirləri yüksək səviyyədə keçirən Azərbaycan bu tədbirində təşkili üçün lazımı işlər görəcəkdir. Təşkilatçılıq bacarığı ilə örnək olan ölkəmiz öz təcrübəsindən yararlanacaqdır. Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirəcək.

Belə möhtəşəm tədbirlərin ölkəmizdə təşkili vurğuladığımız kimi YUNESKO ilə Azərbaycan arasında olan dostluq körpüsünün məntiqi nəticəsidir. Bu körpünü möhkəmləndirən Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla YUNESKO arasında əməkdaşlıq genişlənmişdir. Əbəs deyil ki, bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşmasındakı işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilmnəsinə sanballı töhfələrinə görə YUNESK-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevaya YUNESKO-nun baş direktoru tərəfindən "Qızıl Motsart" medalı təqdim olunub. İrina Bokovanın Onun ünvanına söylədiyi "Siz YUNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız" ifadəsi Mehriban Əliyevanın bu təşkilatla olan əməkdaşlığının bariz göstəricisidir.

Mehriban Əliyevanın əməli fəaliyyətinin nəticəsi olaraq, Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin YUNESKO çərçivəsində qeyd edilir. Mehriban xanım Əliyevanın YUNESKO-nun mənzil qərargahında Xoşməramlı səfirlərin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, YUNESKO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu, dünyada təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları da böyük maraqla qarşılanır.

Azərbaycanın Birinci Xanımının Azərbaycanın təbliği və təqdimatında gördüyü işlərin miqyası geniş və şaxəlidir. Əməli fəaliyyət nəcibliyin, vətənə sədaqət və sevginin təcəssümüdür.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə