Avqustun 10-da “Trend” şirkətlər qrupunda Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) və Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) əməkdaşlarının Türkiyənin Məngən şəhərində 33-cü Beynəlxalq Aşpazlıq və Turizm Festivalında və Rusiya Federasiyası Yekaterinburq şəhərində baş aşpazların toplantısında iştirakına həsr edilmiş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri, professor Tahir Əmiraslanov komandanın fəaliyyətindən söhbət açıb.

Bildirib ki, avqustun 3-dən 5-dək Azərbaycan aşpazları- Emil Əliyev və Maksim Qolovin ölkəmizi Türkiyənin Məngən şəhərində beynəlxalq festivalda təmsil ediblər. Festivalda Azərbaycan, Ukrayna, Malayziya və Türkiyə də daxil olmaqla 9 ölkə iştirak edib.

Festivalın münsiflər heyətində yer aldığını söyləyən Tahir Əmiraslanov aşpazlarımızın hazırladığı yeməklərin birinci yer tutaraq qızıl medal və kuboka layiq görüldüyünü söyləyib. İkinci yer, gümüş medalları Malayziya komandası, üçüncü yer, bürünc medalları Özbəkistan komandası, dördüncü yerə isə Maldiv Respublikasının komandası layiq görülüb.

Həmçinin, avqustun 6-7-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində dünyanın digər tanınmış aşpazları ilə birlikdə keçirilən usta siniflərində həmyerlimiz Ziya Şahbazov xüsusilə fərqlənib və diplomla təltif olunub.

Bildirilib ki, hər iki yarışmada “Azərsun” holdinqin məhsullarından istifadə olunub.

Sonda T.Əmiraslanov jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə