“Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb

“Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb. SİA-nın məlumatına görə, süjetdə Azərbaycanda X Qəbələ Beynəlxalq Musiqi Festivalının başa çatdığı qeyd olunur. Bildirilir ki, bir həftədən artıq davam etmiş festival çərçivəsində yerli əhali və turistlər Qəbələdə rəngarəng musiqi nömrələrindən, o cümlədən salsa, flamenko caz və əlbəttə ki, klassik əsərlərdən zövq alıblar. Yeri gəlmişkən, on il əvvəl klassik repertuarla başlayan festivalın formatı zaman keçdikcə genişləndirilib.

Festivalın bədii rəhbərlərindən biri, tanınmış violonçel ifaçısı və dirijor Dmitri Yablonski telekanala müsahibəsində deyib: “On il əvvəl tamaşaçılar çox müxtəlif idi. Bəziləri Avropadan, o cümlədən Londondan gəlmişdilər. Onlar Kovent-Qardendəki tamaşaların və ya Berlin Filarmoniyasındakı çıxışların həvəskarları idilər. Bu insanlar tamamilə gözlənilmədən ömründə ilk dəfə klassik konsertə gələn, özü də uşaqları ilə gələn adamlarla eyni məkana düşdülər. Biz bir dəfə festival ərzində nə qədər tamaşaçı gəldiyini hesabladıq – bu, 25 min nəfər idi. Bu, çox böyük tamaşaçı auditoriyasıdır”.

“Tarda səslərin çox geniş palitrasını təqdim etmək mümkündür. Mənim üçün tar sehrli alətdir. Azərbaycan muğamı insanı sehrləyən, ecazkar musiqidir. Mən hətta bunu fəlsəfi adlandırardım”, - deyə festivalın iştirakçısı, “Muğam” instrumental ansamblının rəhbəri, Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə deyib.

Süjetin müəllifi vurğulayır ki, ənənəvi muğam vokal və instrumental ifanın bir araya gəlməsidir. Bu janrda klassik poeziyaya istinadla tez-tez improvizələr etmək də mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...