Avropalı velosipedçilər cənub bölgəsində

Yerli sakinlər onları meyvə-tərəvəzə qonaq etdikləri üçün ərzağa o qədər də pul xərcləmirlər

Üç ay əvvəl İsveçrədən velosipedlə dünya səyahətinə çıxan cütlüklər ölkəmizin cənub bölgəsində olublar. SİA xəbər verir ki, İsveçrədən olan Kevin Qorq və Yvon Viter səyahətə 101 gün öncə çıxıblar. İndiyə kimi 13 ölkənin ərazisindən keçən gənc səyahətçilər 6 gündür ölkəmizdədirlər.

Bu müddət ərzində Şəkidə olan turistlər Azərbaycanın milli yeməklərindən də dadıblar. Yolboyu isə əksər vaxtlarda yerli sakinlər onları meyvə-tərəvəzə qonaq etdikləri üçün ərzağa o qədər də pul xərcləmirlər.

Kevin Qorq deyib: “Azərbaycanda bizi mehribanlıqla qarşılayırlar. Təəssüratımız çox zəngindir. Burada çox mehriban insanlarla görüşdük, onlarla həmsöhbət olduq.”

İsveçrəli turistlər hava şəraitindən asılı olaraq gün ərzində 60-70 kilometr yol qət edirlər. Onlar pula qənaət etmək üçün çadırda gecələməyə üstünlük versələr də, havalar həddən çox isti olduğu üçün otellərdə gecələməli olurlar.

Gənc səyyahlar qış aylarına kimi bir çox ölkəyə səyahət etməyi planlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə