“FlamencoLive” kollektivi Azərbaycan Teatrında çıxış edəcək

Noyabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “FlamencoLive” kollektivi maraqlı proqramla çıxış edəcək. Teatrın mətbuat xidmətindən SİA-ya bildiriblər ki, unikal incəsənət layihəsi olan “FlamencoLive” beynəlxalq səviyyəli peşəkar artistlərdən ibarətdir. Kollektiv canlı, orijinal və əsl ispan flamenkosunu ifa edir.

Bu kollektivin tərkibində ən yaxşı rəqqaslar, gitaraçılar, kantaorlar (vokalçılar) və zərb alətləri ifaçıları öz həyatlarını "puroflamenco"ya - bütün rəngarəngliyi ilə əsl flamenko rəqsinə həsr ediblər. Onların hamısı dəfələrlə "VivaEspana", "Qızıl duet" və digər beynəlxalq müsabiqələrin laureatları olublar. Kollektivin aparıcı rəqqası ("ElTebi") Rusiyanın Birinci kanalında "Şöhrət dəqiqəsi" layihəsinin iştirakçısı və Madriddəki məşhur "CasaPatas" teatrının səhnəsində çıxış edən yeganə rusiyalı rəqs ustasıdır.

"FlamencoLive" teatrının kollektivi tamaşaçılara yeni unikal proqram - flamenko üslubunda hazırlanmış "Romeo və Cülyetta əfsanəsi" tamaşasını göstərəcək. Şekspirin məşhur faciəsinin bu yeni və maraqlı traktovkası əfsanəvi məhəbbət hekayətini ehtiraslı ispan rəqsinin vasitəsilə təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə