Nazir: "Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb"

Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. SİA-nın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkəmizin media təmsilçilərini təbrik edən nazir bildirib ki, dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləyib, mətbuatın inkişafına hərtərəfli şərait yaradıb.

Ə.Qarayev əlavə edib ki, milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçib: "Mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının inikasıdır. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılıb. Bu gün 143 yaşı tamam olan Azərbaycan milli mətbuatının zəngin tarixi var. "Əkinçi"nin maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr verib . Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini unutmuruq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...