Azərbaycanda iki beynəlxalq foto müsabiqəsi keçirilir

“Gilavar” Azərbaycan Foto Klubunun (Gilavar Photo Club of Azerbaijan) təşkilati dəstəyi ilə ölkəmizdə iki beynəlxalq foto müsabiqəsinə start verilib. Müsabiqələr Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyasının (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazəsi ilə keçirilir. SİA-nın məlumatına görə, müsabiqələrin keçirilməsində məqsəd ölkəmizdə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrində iştirak etmələrinə dəstək vermək və fotolar vasitəsilə Azərbaycanı dünyada təbliğ etməkdir.

“Azerbaijan Photo Salon” və “Baku-2018” adlanan foto müsabiqələrdə dünyanın istənilən ölkəsindən 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Sərbəst rəngli və ağ-qara, insan, səyahət, təbiət, və fotojurnalistika mövzuları üzrə təqdim olunan fotolar yerli və xarici fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılacaq.

Müsabiqənin ən yaxşılarına medallar və xüsusi lentlər təqdim olunacaq. Qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.

Qeyd edək ki, “Gilavar” Photo Club of Azerbaijan” 2017-ci il dekabrın 1-də tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyev tərəfindən yaradılıb. Klubun Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən vebsaytı (www.gilavar.net) və “Facebook” sosial şəbəkəsində səhifəsi mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə