Qusarda “Muzey işçilərinin assosiasiyası” yaradılması təşəbbüsü müzakirə olunub FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Muzey işçilərinin assosiasiyası”nın yaradılmasına dair iclas keçirib. SİA-nın məlumatına görə, iclasda Bakı şəhəri və regionlardakı tarix-diyarşünaslıq muzeylərinin nümayəndələri iştirak ediblər. Tədbirdə yaradılacaq assosiasiyanın strukturunun, məqsəd və vəzifələrinin, fəaliyyət formalarının, idarə heyətinin üzvlərinin müəyyən olunması istiqamətində müzakirələr aparılıb, verilən təkliflər Mədəniyyət Nazirliyinə təqdim olunub.

Assosiasiyanın yaradılmasında əsas məqsəd muzey işinin inkişafına geniş yardım funksiyalarını həyata keçirmək üçün mədəni, təhsil və elmi istiqamətin, muzey işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi və muzeylərin sosial təyinatının təmin edilməsi, koordinasiya fəaliyyətinin ictimai tələbatının ödənilməsi, eləcə də onların ümumi əmlak və qeyri-əmlak mənafelərinin qorunması istiqamətində fəaliyyətin əlaqələndirilməsidir.

Tədbir çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən hazırlanan muzey işinə aid metodiki vəsaitlərin təqdimatı olub. Mərkəzin Muzey işi sektorunun müdiri Pakizə Almazova “Muzeylərdə marketinq işinin təşkili”, metodist Sevinc Qasımova “Muzey işində informasiya texnologiyaları: virtual eksponatlar, internet kataloqlar”, İnnovativ layihələr sektorunun müdiri Aygün Balabəyova “Məhdud fiziki imkanlı şəxslərin sosial mədəni həyata adaptasiyasında muzey və muzey tipli müəssisələrin rolu” adlı metodiki tövsiyələri təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə