Yunus Oğuzun “Ovçu” tarixi romanının müzakirəsi keçirilib FOTOLAR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış yazıçı-publisist Yunus Oğuzun “Ovçu” tarixi romanının müzakirəsi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Y.Oğuzun ərsəyə gətirdiyi kitablar böyük oxucu kütləsinin marağına səbəb olub: "Yunus Oğuz müstəqillik dövründə bədii nəsr sahəsində ardıcıl fəaliyyət göstərən, tarixi romanlar yazan istedadlı yazıçıdır. Onun bu günə qədər 20-yə qədər nəsr əsəri olub. Həmin əsərlərin əksəriyyəti də tarixi romandır. Yunus Oğuzun yazdığı əsərlər bu gün Türk dünyasında, xüsusilə də Orta Asiya respublikalarında çox oxunur. Onun "Əmir Teymur" romanı Özbəkistanda çap edilib və orada bu əsərə böyük reaksiyalar verilib. Y.Oğuzun yazdığı tarixi əsərlər böyük oxucu kütləsi tərəfindən bəyənilir".

Tədbirdə söz alan Ədəbiyyat İnstitutunun Ədəbi cərəyanlar sektorunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova "Ovçu" kitabı haqqında danışıb: ""Ovçu" romanı 2016-cı ilin aprel döyüşlərinə həsr olunub. Bu tarixi roman Milli Qəhrəman Murad Mirzəyevdən bəhs edir. Kitabda Qarabağ döyüşlərində şəhid olmuş igid oğlanların əziz xatirəsi də yad olunub. Yunus Oğuz bu romanında bu günlə keçmiş arasında bir əlaqə yaradıb. Bu əsərin böyük ideoloji mənası var. Əsərdə 3 dövr - Alp Arslan, Nadir şah və müasir dövr öz əksini tapır. Əsərdə 3 Muradla qarşılaşmaq mümkündür - XI əsrdə Alp Arslanın Ani qalasını almasına öz yeni silah icadı ilə kömək edən dəmirçi usta Murad, XVIII əsrdə Nadir şahın hərbi məsləhətçisi olmuş Murad xan və bizim günlərin qəhrəmanı - "Ovçu" ləqəbli hərbi kəşfiyyatçı Murad Mirzəyev. Əsərdən görünür ki, Muradın qəhrəmanlığı birdən-birə yaranmayıb. Bu qəhrəmanlıq əsrlərdən əsrlərə ötürülüb. Qəhrəman Murad əvvəlki Muradlardan daha güclüdür və o, tam yeni qəhrəman kimi ortaya çıxır".

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu tədbirdə bildirib ki, "Ovçu" romanında müasirliklə tarixilik bir vəhdət təşkil edib: "Yunus Oğuz digər tarixi romanlarında olduğu kimi "Ovçu" romanında da mövcud olan boşluqları tapıb və onları doldurub. Onu da qeyd edim ki, Azərbaycan Ordusu 2016-cı il aprel ayının ilk günlərində bir tarix yaradıb. "Yunus Oğuz da "Ovçu" romanında həmin tarixi qələmə alıb. O, bu romanda müasir dövrün hadisələrinə müraciət etməklə bu günün tarixinə daha da yaxınlaşmaq, tarixdə bu günü, bu gündə isə tarixi anlamaq istəyib".

Tədbirdə çıxış edən Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli kitab haqqında fikirlərini bildirib: "Aprel döyüşlərindən bəhs edən "Ovçu" romanı Yunus Oğuz yaradıcılığının dəyərli əsərlərindəndir. Aprel döyüşləri barədə bundan sonra da çox yazılacaq. Yunus Oğuzun əsərinin dəyəri həm də onunla müəyyən edilir ki, o, ilk böyük işi görüb, ilk uğurlu ideya-bədii təfsir modeli yaradıb".

Tədbirdə Milli Məclisin deputatı, yazıçı Aqil Abbas da Y.Oğuzun ərsəyə gətirdiyi tarixi romanını bəyəndiyini söyləyib: "Yunus Oğuzun bir xasiyyəti var ki, evində oturmaqla əsər yazmır. O, qəhrəmanların keçdiyi yolları tam araşdırır. Yunus Oğuz tarixi şəxsiyyətləri öyrənən bir yazıçıdır. Buna görə də onun əsərləri maraqlı olur. Təklif edərdim ki, Y.Oğuzun tarixi kitabları kitabxanalara, xüsusilə məktəb kitabxanalarına paylansın. Çünki gənclərimiz bu əsrləri oxuyaraq, vətənpərvərlik ruhda böyüməlidirlər".

Tədbirdə iştirak edən Murad Mirzəyevin atası Telman Mirzəyev "Ovçu" tarixi romanının ərsəyə gəlməsinə görə Y.Oğuza təşəkkür edib. O, Aprel döyüşlərində qazanılan qələbənin ardı olacağına da ümid etdiyini söyləyib.

Tədbirin sonunda çıxış edən kitab müəllifi Y. Oğuz Ədəbiyyat İnstitutunda ikinci romanının müzakirəyə çıxarıldığını söyləyib. Yazıçı-publisist Azərbaycanda vətənpərvərlik mövzusunda əsərlərin yazılmasının çox vacib olduğunu diqqətə çatdırıb.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə