Nazir: "Azərbaycan Ukrayna ilə mədəniyyət sahəsində yeni layihələrin icrasında maraqlıdır"

Azərbaycan Ukrayna ilə mədəniyyət sahəsində yeni layihələrin icrasında maraqlıdır və buna dəstək verməyə hazırdır. SİA-nın məlumatına görə, bu fikri Kiyevdə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk ilə görüşündə söyləyib.

Nazir bildirib ki, Azərbaycanla Ukrayna arasında mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq inkişaf edir.

“Xalqların mədəniyyətlərinin mübadiləsi olduqca önəmlidir. Kiyevin mərkəzində Müslim Maqomayev adına parkın salınması və orada onun heykəlinin qoyulması Azərbaycanla Ukrayna arasında mədəniyyətlərin mübadiləsinə çox gözəl örnəkdir”, - deyə Ə.Qarayev əlavə edib.

Nazir vurğulayıb ki, il ərzində Azərbaycan və Ukrayna mədəniyyət sahəsində onlarla birgə layihə həyata keçirir. Bunların sayını artırmaq olar.

Azərbaycanın Ukrayna üçün strateji dövlət olduğunu deyən Yevgeni Nişuk iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyindən məmnunluğunu ifadə edib.

“Azərbaycan mədəniyyət sahəsində çox uğurlu layihələr həyata keçirir. Biz bu təcrübədən öyrənirik və birgə layihələrin həyata keçirilməsinə hazırıq”, - deyə nazir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...