"AXC-100" işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhvəsi" TƏDBİR - SƏS TV

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 22 iyul Milli Mətbuat Günü münasibət ilə "AXC-100" işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhvəsi" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, media nümayəndələrinin, ziyalıların, ictimai xadimlərin, iştirak etdiyi tədbirdə MEK-in ayrı-ayrı şöbələrinin mövzu ətrafında əlaqələndirilmiş fəaliyyəti təqdim olunub.

AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, onlara fərdilik, inkişaf və peşəkarlıqla yanaşı informasiya şansı və qələm azadlığı arzu edib. Leyla İmanova öz çıxışında MEK-in mətbuat ilə əməkdaşlıq təcrübəsindən söz açıb, akademik kitabxananın milli mətbuat ilə informasiya resuslarının birləşdirilməsi, yüksək keyfiyyətli və etibarlı informasiya istehsalçılarına çevrilməsi, "təhlükəsizlik informasiya" prinsiplərinin formalaşdırılması, Azərbaycana aid informasiyanın kontent və texniki təhlükəsizliyinin təmin edilməsi, elm cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılması kimi çağırışlar səsləndirilib. L.İmanova MEK tərəfindən "Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" layihəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda qrantı əsasında həyata keçirilməsindən bəhs edib.

Sonra MEK əməkdaşları tərəfindən "AXC-100" işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı təqdimat keçirilib. MEK-in ayrı-ayrı şöbələri tərəfindən əlaqələndirilmiş şəkildə görülmüş işlərin nəticələrini Sərbəst elektron resurslara iş şöbəsinin müdiri Elnur Hüseynov və əməkdaşı Gülarə Səbzəliyeva, Kitabxana-xidmət şöbəsinin müdiri Mübariz Görüşlü, İnnovativ layihələr şöbəsinin müdiri Habil Əliyev, İnformasiya resuslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova təqdim edib

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli mətbuatın tarixindən, müasir vəziyyətindən bəhs edib. Onun sözlərinə görə Azərbaycan mediası dünyada və ölkədə baş verən hadisələrə kifayət qədər operativ yanaşır, nəinki ölkəmizin, eləcə də regionun ictimai rəyinə təsiri ilə seçilir: "Son günlər Mingəçevirdə və Gəncədə baş verən hadisələrlə bağlı mətbuatın rolu böyükdür. Belə ki, media düzgün məlumatları işıqlandıraraq, oxucularının ixtiyarına verdi. Jurnalistlər bu hadisələr zamanı gecə-gündüz çalıdılar. Onlar bir daha sübut etdilər ki, Azərbaycan mətbuatı millidir.

Onu da xüsusi ilə qeyd edim ki, Cənab Prezident İlham Əliyev də mətbuat nümayəndələrinə heç vaxt öz qayğısını əsirgəmir. Dövlət başçısı hər zaman onlara dəstək olur".

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Ramiz Əskər mətbuata göstərilən dövlət dəstəyindən, jurnalistlərə olan qayğısından danışıb.

Tədbirin sonunda MEK-in innovativ fəaliyyətini obyektiv işıqlandıran, fərqləndirilmiş media qurumlarına və jurnalistlərə təşəkkürnamə və kitabxananın 1 illik oxucu kartı təqdim edilib.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə