Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib FOTOLAR

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Ümumdünya Konfransının növbəti tədbiri Azərbaycan Milli Konservatoriyasında gerçəkləşib. SİA-nın məlumatına görə, Təhsil, Mədəniyyət nazirlikləri, TÜRKSOY və Türk Dünyası Musiqi Təhsili Təşkilatının birgə təşkilatçılığı ilə reallaşan konfransda tanınmış mədəniyyət və incəsənət xadimləri, habelə beynəlxalq musiqi təşkilatlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova çıxış edərək deyib ki, bugünkü konfransın mövzusu “Türk sessiyası” adlanır.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək belə bir tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən söz açıb. Nazir müavini söyləyib ki, Azərbaycanda müxtəlif etnik xalqlar daim sülh və əmin-amanlıq içərisində yaşayıblar. Qeyd edib ki, ölkəmiz son illər sivlizasiyalararası və mədəniyyətlərarası dialoqa öz töhfəsini verməkdədir.

“Ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu baxımdan, qeyd edilən tədbirlərin sırasında bir çox beynəlxalq musiqi festivalları da yer alır. Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti konfransının Bakıda keçirilməsi ölkəmizin dünya sivilizasiyasına və mədəniyyətinə növbəti töhfəsidir. Ölkəmizdə musiqi sahəsinin inkişafına dövlət tərəfindən xüsusi diqqət ayrılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə musiqi təhsili inkişaf edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da bu sahəyə məxsusi qayğısı var. Bütün bunlar göstərir ki, bu diqqət və qayğıların nəticəsi olaraq Azərbaycan muğamı , Azərbaycan aşıq sənəti , tar və onun ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib”, - deyə S.Məmmədəliyeva söyləyib.

Nazir müavini əlavə edib ki, musiqi təhsili insanın şəxsiyyət kimi formalaşmasına, analitik təfəkkürün inkişafına müsbət təsir edir. Ölkəmizdə gənc nəslin musiqi təhsili hər zaman diqqət mərkəzində olub. Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin bu konfransın əsas məqsədi musiqi sahəsində əlaqələrin gücləndirilməsi, musiqi müəllimləri arasında əlaqəni genişləndirməkdən ibarətdir.

Təhsil nazirinin müavini Firudin Qurbanov deyib: “Musiqiyə həsr edilmiş beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi ölkəmizin ictimai həyatında olduqca əlamətdardır. Musiqi insanların formalaşması və mədəni səviyyəsinin yüksəlməsində mühüm faktordur. Hər bir ölkədə musiqiyə və musiqi təhsilinə xüsusi diqqət yetirilir, o cümlədən Azərbaycanda. Ölkəmizdə bir çox incəsənət yönümlü ali və orta ixtisas məktəbləri fəaliyyət göstərir. Azərbaycanda 9 ali təhsil ocağında 10 musiqi ixtisası üzrə kadrlar hazırlanır. Musiqi məktəblərində 3 mindən çox tələbə təhsil alır. Ölkəmizdə musiqi təhsilinin çox böyük tarixi var. Müsəlman şərqində ilk konservatoriya məhz Azərbaycanda yaradılıb. Bu illər ərzində ölkəmizdə musiqi təhsili sahəsində çoxsaylı kadrlar yetişdirilib”.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi və TÜRKSOY-un baş katibi Düsen Kasainov çıxış edərək konfransın Bakıda keçirilməsini yüksək qiymətləndiriblər.

Bildirilib ki, mədəniyyət və təhsillə bağlı belə bir tədbirin Azərbaycanda təşkili dövlətin bu sahəyə olan diqqət və qayğısının nəticəsidir.

Konfransda musiqişünasların, musiqinin tədrisi üzrə mütəxəssislərin, professorların, həmçinin bir sıra beynəlxalq ekspertlərin məruzələri dinlənilib.

Konfrans çərçivəsində “İnstrumental və vokal ifaçılığında tədris” və “Musiqi ifaçılığında sağlam həyat tərzi” adlı mövzular müzakirə edilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə