Kukla Teatrı mövsümü başa vurdu FOTOLAR

Azərbaycan Dövlət Kukla Teatrı özünün 86-cı mövsümünü başa vurub. SİA-nın məlumatına görə, mövsümün bağlanışında teatrın rejissoru Qurban Məsimovun quruluş verdiyi “Cırtdan” və “Üç cəsur” tamaşası oynanılıb.

Balacalar əvvəlcə M.Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərini izləyiblər. Teatrın baş rejissoru Qurban Məsimov mərhum dramaturq Rəhman Əlizadəyə məxsus səhnələşdirməyə tam yeni quruluş verərək müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə işi təqdim edib.

Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunub.

Tamaşada əsas rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Elnur Əliyev, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov ifa ediblər.

Klassik rus nağılı əsasında hazırlanan “Üç cəsur” tamaşası da balaca tamaşaçıların marağına səbəb olub. Rus bölməsində ilk dəfə hazırlanan (tərcümə Q.Məsimov) bu tamaşaya da teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, Cırtdan, Hadı və Bıdının sıx dostluğu üzərində qurulan səhnə işinə yeni obrazlar əlavə etsə də, klassik ana xətti saxlamaqla müasir səhnə həllinə nail olub.

Tamaşada rolları Rauf Babayev, Lina Məmmədova, Afət Ağayeva, Adil Dəmirov, Elmira Hüseynova, Araz Həsənli ifa ediblər.

Tamaşaların nümayişindən sonra, teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Rəşad Əhmədzadə müəssisənin yaradıcı həyatında xüsusi rol oynayan əməkdaşları rəhbərlik tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırıb.

Bu mərasimə özünün 29-cu mövsümünü başa vuran “Yuğ” Teatrının aktyorları da qatılıblar. Belə ki, məhsuldar aktyor, ilin aktyor və aktrisası, mövsümün perspektivli aktyoru, uğurlu fəaliyyətinə görə seçilən əməkdaşı, həmçinin, ilin rejissoru, rəssamı da seçilərək sənətdə fərqləndiklərinə görə təltif olunublar.

Teatrın rəhbərliyi ötən mövsümdə olduğu kimi bu il ərzində də teatrla yaxından əməkdaşlıq edən kütləvi informasiya vasitələri təmsilçilərindən bir neçə nəfəri “Teatrın dostu” mükafatı ilə təltif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə