Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə yekun vurub

Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə Elçin Əfəndiyevin "Qatil” tamaşası ilə yekun vurub. SİA-nın məlumatına görə, tamaşa "N” saylı hərbi hissənin şəxsi heyətinə təqdim edilib. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Əsas rollarda İntizar Quliyeva, Qaçaq Qarayev, Sehran Xanlarov və Aygün Cəfərova çıxış edib.

Tamaşanın ardınca mütəmadi olaraq "N” saylı hərbi hissələrdə çıxışlarına görə teatr kollektivi fəxri fərmanlarla təltif olunub.

Daha sonra 29-cu teatr mövsümünün bağlanışı ilə əlaqədar yekun iclas keçirilib. İclası giriş sözü ilə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev açaraq bütün kollektivi növbəti mövsümün bağlanışı münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb. Qeyd olunub ki, teatrda bu il Nazirliyin təsdiq etdiyi repertuar planına uyğun olaraq E. Əfəndiyevin "Qatil”, N.Kazımov "Ələddinin sehrli çırağı”, Ə.Orucoğlu "Nənəmin kələyi” əsərləri hazırlanaraq səhnələşdirilmişdir. Bununla yanaşı Xocalı soyqırımına həsr olunmuş "Şəhid şəhər Xocalı”, 20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar "Şəhidlər ölməz” adlı poetik xalq tamaşaları, habelə Yeni il və Novruz bayramı ilə əlaqədar şou-proqramlar rayon ictimaiyyətinə təqdim olunub. Hər il olduğu kimi bu il də teatr mütəmadi olaraq "N” saylı hərbi hissələrdə olmuş müxtəlif janrlı tamaşalar, həmçinin konsert proqramı ilə çıxış edib.

Teatrın hərbi hissədəki bu xidmətləri yüksək qiymətləndirilib, fəxri fərman və diplomlarla təltif olunub. O cümlədən, Azərbaycan Respublikasının ən gənc şəhəri olan Horadizə şəhər statusunun verilməsinin 10 illiyi ilə əlaqədar kütləvi bayram tədbirində fəal iştirakına və mütəmadi olaraq "N” saylı hərbi hissələrdə nümunəvi çıxışlarına görə teatr Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən xüsusi diploma layiq görülüb.

Teatrın direktor müavini Azər Abbasov öz çıxışında qeyd edib ki, cari ildə əldə edilmiş uğurlardan Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə teatrın baş rejissoru Asif Şirinovun “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına və teatrın qocaman aktyoru Vaqif Rəhimovun yenidən Prezident təqaüdünə layiq görülmələri xüsusilə qürurvericidir.

Sonda bir qrup yaradıcı kollektivə mövsüm ərzində fərqləndiyinə görə fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, teatr növbəti mövsümü 25 sentyabr 2018-ci il tarixində Əhməd Orucoğlunun "Nənəmin Kələyi" tamaşası ilə açacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə