“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Mingəçevir olub FOTOLAR

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı davam edir. SİA-nın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir.

İyunun 25-də Masallı rayonunda başlanan festival daha sonra Lənkəranda (26 iyun), Salyanda (30 iyun), Sabirabadda (1 iyul), Füzuli rayonunun Horadiz şəhərində (7 iyul), Ağdamın Quzanlı qəsəbəsində (8 iyul) və Göyçayda (14 iyul) davam edib.

“Bölgələrdən bölgələrə” festivalının növbəti tədbiri iyulun 15-də Mingəçevir şəhərində gerçəkləşib.

Açılış mərasimində layihə barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, festivalda Mədəniyyət Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar Regional mədəniyyət idarələrinin hər birinin ekspozisiya çadırları qurulub, regionlar üzrə şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilir.

Mərasimdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından, “energetiklər şəhəri”nin mədəni potensialından söz açıb. Vurğulayıb ki, bu festival ölkəmizin bütün regionlarını əhatə etməklə mədəni zənginlik, xalq sənətkarlığı irsi və incəsənət nümunələri ilə tanış olmaq imkanları yaradır. Layihənin yay mövsümündə keçirilməsi həmçinin yerli sakinlərə, eləcə də bölgələrimizə gələn xarici qonaqlara regionların rəngarəng mədəni həyatı ilə bilavasitə tanış olmaq fürsəti verir.

Yaradıcılıq festivalında hər bir regional idarə üzrə folklor və rəqs qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri, aşıqlar öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Şəhər sakinləri və qonaqlar bölgələrə aid mədəniyyət nümunələri, regionların tarixini və müasir görkəmini əks etdirən eksponatlarla maraqla tanış olublar.

Festival iştirakçıları tədbir barədə təəssüratlarını bölüşüblər.

Bərdə rayonundan Validə Nabatova qeyd edib ki, Mədəniyyət Nazirliyi bundan öncə də bölgələrin mədəni irsini təbliğ edən layihələr həyata keçirib: “Bölgələrdən-bölgələrə” festivalı hər kəsin ürəyincədir. Burada şəhər və rayonların maddi mədəniyyət nümunələri ilə tanış oluruq. Layihəni təşkil edənlərə minnətdarlığımı bildirirəm”.

Mingəçevir İncəsənət məktəbinin direktoru Etibar Əliyev də tədbiri yüksək qiymətləndirib: “Festival şəhər və rayonlarımızın mədəni zənginliyinin nümayişidir. Görürsünüz, insanlar necə də həvəslə iştirak edirlər. Hər bir rayonun ekspozisiya sahəsi ilə dərindən maraqlanırlar. Çox gözəl və əhəmiyyətli layihədir”.Beləliklə, festivalın Mingəçevir şəhərindəki tədbiri də uğurla başa çatıb.

Qeyd edək ki, Cümhuriyyətin 100 illiyi şərəfinə reallaşdırılan “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı nazirliyin digər regional idarələrində də təşkil ediləcək. Layihə ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradacaq, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə