"Azərbaycan Xalq Cumhuriyyəti 100" KONFRANS

Azərbaycan Atatürk Mərkəzində "Azərbaycan Xalq Cümhuriyyəti 100" mövzusunda "Turan Araşdırma Mərkəzi" İB-nin (Azərbaycan) təşkilatçılığı və "İstanbul Azərbaycan Kültür Evi" (Türkiyə) dərnəyinin geniş tərkibdə iştirakı ilə birgə beynəlxalq elmi praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransın keçirilməsinə səbəb müsəlman Şərqində ilk parlamentli respublikanın- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli"nin elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Sərəncam imzalayıb.

Bu münasibətlə "Turan Araşdırma Mərkəzi" tərəfindən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Konfransda iştirak edənlərin Azərbaycanın tarixi keçmişini, milli - mədəni dəyərlərimizi tanıtmaq, regionların sosial - iqtisadi inkişafı ilə yaxından tanış etmək məqsədilə bəzi bölgələrə səfər edəcəyi bildirilib.

Tədbirdə tarixi romanlar müəllifi, publisist Yunus Oğuz, tarixçi-alim Firdovsiyyə Əhmədova, iqtisadçı və hüquqşünas Cavid İsmayıl, “İstanbul - Azərbaycan Kültür Evi” dərnəyinin rəhbəri Hikmət Alp və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə iqtisadçı, hüquqşünas Cavid İsmayıl açaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı hər kəsi təbrik edib, son baş verən hadisələrlə bağlı fikirlərini bildirib: "Gəncədə baş verən hadisələr də Azəbaycan xalqı üçün sınaq dövrü idi. Çox təəssüf ki, Azərbaycan və Türkiyə üzərində qara buludlar gəzir. Amma buna baxmayaraq, hər iki dövlət baş verənlərdən alnıaçıq çıxa bilir".

Daha sonra çıxış edən tarixçi alim Firdovsiyyə Əhmədova müsəlman aləmində ilk Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra qardaş ölkə Türkiyədən böyük dəstək göstərildiyini bildirib: “Vaxtı ilə Sovet Rusiyasının təziqlərinə məruz qalan Azərbaycan xalqına hər zaman Osmanlı dövləti yardım edərək, dəstək verib. Azərbaycan Xalq Cümhuriyyəti ən çətin şərtlərlə qurub, modern dövlət təqdim etmək o zaman üçün heç də asan iş deyildi. AXC qurucuları Azərbaycanı Avropaya, Amerikaya sivil, modern, dövlət kimi təqdim etdi. Azərbaycanın vətənpərvər oğulları qadınlarını da unutmadılar. Onlar qadınlara seçki hüququ verməklə, cəmiyyətdə Azərbaycan qadınına öz hüquqlarını tanıtdırmaqlarına kömək oldular”.

“İstanbul - Azərbaycan Kültür Evi” dərnəyinin rəhbəri Hikmət Alp çıxışını böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin şeiri ilə başlayaraq, Azərbaycan və Türkiyə dövlətinin qədim dostluq əlaqələrindən danışıb: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin bu şəkildə, təntənəli qeyd edilməsi sevindirici haldır. Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində bizlər dünyada layiqli yerimizi tutacağıq”.

Tədbirdə çıxış edən “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru, tarixi romanlar müəllifi, publisist Yunus Oğuz bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti bizə milli kimliyimizə qaytarıb: “Bəziləri Azərbaycan Xalq Cümhuriyyətini “Müsəlman şərqində ilk cümhuriyyət" adlandırır. Lakin mən bu fikirlə razı deyiləm. Azərbaycan Xalq Cümhuriyyəti dünyada ilk qurulan Cümhuriyyətlərdən biridir. Azərbaycan Xalq Cümhuriyyəti bizə milli kimliyimizi qaytardı. Həmin dövürdə Azərbaycan ordusu, polisi, iqtisadiyyatı yarandı. İnsanlar artıq azad şəkildə fikirlərini izah edə bildilər. Bunun nəticəsində də müstəqil mətbuat yarandı. Onu da qeyd edim ki, Fransada demokratik Cümhuriyyət yaratmağa icazə verilmədiyi bir zamanda Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 1991-ci ildə AXC-nin davamı olaraq Müstəqil Azərbaycan Dövləti quruldu”.

Qeyd edək ki, tədbir çıxışlarla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...