Mədəniyyət Nazirliyində Çin nümayəndə heyəti ilə görüş keçirilib FOTO

Mədəniyyət Nazirliyində Şenyanq Əyaləti Xalq Hökumətinin Xarici İşlər İdarəsinin Ölkədən Xaricdə Çin Məsələləri üzrə Şenyanq Ofisinin direktoru Vanq Jinqyinqin rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan – Çin mədəni əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı, Şenyanq şəhəri ilə mədəni əlaqələrin inkişaf etdirilməsinə dair qarşılıqlı maraq ifadə olunub.

Nazirliyin Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə İki ölkə arasında mədəni əməkdaşlığa dair müvafiq müqavilə-hüquq bazasının mövcud olduğunu qeyd edərək “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2019-2022-ci illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol” layihəsinin imzalanması istiqamətində iş aparıldığını bildirib. Sözügedən protokolun Azərbaycan ilə Çin və onun ayrı-ayrı regionları arasında əməkdaşlığa böyük töhfə verəcəyini qeyd edib.

V.Eyvazzadə Çin və Azərbaycanın Ümumdünya İrs Komitəsinə üzv olduqlarını və təşkilat çərçivəsində sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb.

Şenyanqda Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını təklif edən V.Jinqyinq bu istiqamətdə Şenyanq Əyaləti Hökumətinin bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib. Mədəni əməkdaşlıq, xalqlararası anlaşma və mübadilənin genişləndirilməsi baxımından sözügedən məsələnin əhəmiyyəti qeyd olunub və müvafiq daxili mexanizmlər aydınlaşdırıldıqdan sonra Çin tərəfinə rəsmi rəy bildiriləcəyi diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə