Zakir Sultanov Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olub FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olub. Qurumun mətbuat katibi Fariz Hüseynov SİA-ya bildirib ki, səfərin məqsədi Dövlət Xidmətinin məsul əməkdaşları ilə birgə qədim Qəbələ şəhərinin qalıqları (Çuxur Qəbələ kəndi ərazisində) üzərində yaradılan qoruqla tanışlıq olub.

Burada məlumat verilib ki, ümumi sahəsi 420 hektar olan qoruqda qədim Qəbələ şəhərinin qalıqları yerləşir. Qədim şəhərin qalıqlarının yerləşdiyi ərazi 1976-cı ildə dövlət qoruğu elan olunub.

Bildirilib ki, son illər Azərbaycan alimlərinin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb. Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. Səfər zamanı Qəbələ Arxeoloji Mərkəzi ilə də tanışlıq olub. Burada saxlanılan eksponatlar haqqında məlumat verilib. Qeyd olunub ki, qazıntılar zamanı əldə olunan yeni eksponatlar Arxeoloji mərkəzdə müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda bərpa olunur.

Zakir Sultanov qoruğun fəaliyyətinin daha da gücləndirilməsi, ziyarətçilərin axınının artırılması üçün müvafiq tədbirlərin görülməsi istiqamətində tapşırıq və tövsiyələrini verib. Həmçinin qoruq ərazisində mövcud olan qədim şəhərin qala divarlarının bərpa olunmasının vacibliyini bildirib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqlar nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə