“YARAT”da izlənilən növbəti film

Kinosevərlər “YARAT” Müasir İncəsənət Mərkəzində maraqlı film izləyiblər. “YARAT”dan SİA-ya bildirilib ki, “Ol” adlı ekran əsəri ssenarist və rejissor olan iki qardaşdan bəhs edir. Uğursuz premyera gecəsindən sonra, sponsorlar tərəfindən döyülən və küçəyə atılan qardaşlar evə gedirlər. Yolda qarşılarına özləri kimi döyülmüş, təhqir edilmiş qız çıxır.

Alicənab qəhrəmanlar dələduzların qurbanı olan qızı darda qoymadan onu da evə aparırlar. Özlərinə gəldikdən sonra, bu xanımın varlığından ilhamlanıb yeni ssenari yazmağa başlayırlar.

Təsadüf nəticəsində tanış olduqları qızcığaz onların yeni ssenarisində şahzadə qıza çevrilir. Qələmə aldıqları ssenari lentə köçmədən öncə həyatda canlanmağa başlayır. Sürətlə inkişaf edən hadisələr yazılanları qabaqlayır və təhlükəli vəziyyətlər yaranır. Lakin heç bir çətinliyə baxmayaraq qardaşlar qarşılarına çıxan hər bir əngələ sinə gəlib, həyata, gözəlliyə, insanlara “Ol” deyirlər.

Film Azərbaycan dilində nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə