Salyanda yeni “DAMA” art-studiyası yaradılıb FOTOLAR

Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Salyan rayon Mədəniyyət Mərkəzinin “Güzgü” miniatür xalq teatrı və “Hünər” sirk-estrada xalq kollektivinin bazasında yeni “DAMA” art-studiyası yaradılıb. SİA-nın məlumatına görə, studiyaya rayon mədəniyyət işçiləri ilə bərabər yerli həvəskar aktyorlar da cəlb olunub.

“DAMA” art-studiyası ilkin fəaliyyətinə müasir həyatımızı əhatə edən müxtəlif satirik, düşündürücü səhnəciklər, eləcə də mono və qısa tamaşalarla başlayacaq. Art-studiyanın yaradılmasının əsas məqsədi rayonda və ətraf ərazilərdə mədəniyyət və incəsənət sahəsini daha da təkmilləşdirmək, əhalinin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin kreativ, yaradıcı gəncləri bir araya toplamaqdır. Salyan rayon Mədəniyyət Mərkəzində bu münasibətlə keçirilən toplantıda Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov “DAMA” art-studiyasının kollektivinə uğurlar arzulayıb, əlindən gələn köməkliyi əsirgəməyəcəyini vurğulayıb, gənclərə bu yolda dəyərli məsləhətlərini verib.

O bildirib ki, Salyanda uzun zaman teatr, səhnə ənənəsi olub. Bu gün həmin ənənə gənclər tərəfindən davam etdirilməlidir. Qeyd edək ki, “DAMA” art-studiyasının ilk səhnə nümayişləri sentyabr ayına nəzərdə tutulub. Art-studiyanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Salyan Dövlət Kukla Teatrı və başqa Dövlət Teatrları ilə iş birliyi olacağı da diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...