Azərbaycan və İran müştərək kino çəkəcək

Azərbaycanda İran mədəniyyət günləri keçiriləcək. SİA-nın məlumatına görə, bunu İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Ə.Farsi deyib ki, belə tədbirlər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin müsbət yöndə inkişafına töhfə verir: "Tədbir çərçivəsində İran İslam Respublikasının incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulub. Bu məqsədlə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad naziri doktor Seyid Abbas Salehinin başçılığı altında İranın tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edəcək. Mədəniyyət Günləri çərçivəsində 27 iyun - 1 iyul tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Nazirliyinin ev sahibliyi ilə Bakı və Gəncə şəhərlərində mədəni toplantı və mərasimlərin keçirilməsi nəzərdə tutulub".

Sədr mətbuat konfransında qeyd edib ki, Azərbaycan və İran müştərək kino çəkəcək: "İran mədəniyyət günləri zamanı kinonun çəkilişlərinin aparılacağı yerlər müəyyənləşdiriləcək.Filmin mövzusu məhəbbətdir. Film Azərbaycan və İran şirkətlərinin birgə istehsalı olacaq. Kinonun bir hissəsi Bakıda, İçərişəhərdə, digər hissəsi İranda lentə alınacaq".

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi Azərbaycanda 2000 iranlı tələbənin təhsil aldığını da diqqətə çatdırıb: "Tələbələrdən 1000 nəfəri Azərbaycan Tibb Universitetində təhsil alır. Bu Azərbaycanda təhsilin inkişafından xəbər verir".

Bütün xəbərlər Facebook səhifəmizdə