Şirin Məlikova Beynəlxalq Konfransda Azərbaycanı təmsil edib FOTO

Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, əməkdar mədəniyyət işçisi Şirin Məlikova ABŞ-da keçirilən Şərq Xalçaları üzrə XIV Beynəlxalq Konfransda (İCOC) Azərbaycanı yüksək səviyyədə təmsil edib. SİA-nın məlumatına görə, ICOC konfransının sessiyalarında məşhur xalça tədqiqatçılarının tərcümeyi-halları, Kopt tekstil kolleksiyasına, bəzi ornamentlərin mənşəyinə, Alberto Boralevinin təqdim etdiyi qiymətli xalçanın tarixinə həsr olunmuş məqalələr, həmçinin Şirin Məlikovanın məruzəsi konfrans iştirakçılarında böyük maraq doğurub.

Muzeyin direktoru beynəlxalq konfransda "Azərbaycan Xalça Muzeyinin kolleksiyasının zənginləşmə mənbələri" adlı məruzə ilə çıxış edib. Məruzəsində o, Azərbaycan Xalça Muzeyinin yeni nadir xalçaları, o cümlədən tikmələr haqqında məlumat verib, muzeydə reallaşan bir sıra maraqlı layihələr barədə danışıb.

Şirin Məlikova Azərbaycanda ölkə rəhbərliyi tərəfindən xalçaçılıq infrastrukturunun bərpa edilməsi istiqamətində ciddi addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb, bu istiqamətdə görülən işlərdən söz açıb. “Xalça bu gün təkcə ənənələrin dirçəlişi deyil. Xalça mövzusu, onun texniki imkanları və hədsiz məna kateqoriyaları gənc konseptualist rəssamları cəlb edir. Xalçanı bu gün əminliklə ölkəmizin əsas simvolu saymaq olar”- deyə o, sözlərinə əlavə edib.

Əsrlər boyu ölkədən ixrac olunmuş nadir Azərbaycan xalçalarından danışan Şirin Məlikova erməni işğalından qurtulan Qarabağın “Bağçada güllər” xalçasının taleyindən də söz açıb. Bildirib ki, onu San-Fransiskoda “qədimi erməni xalçası” adı altında satırdılar. Şirin Məlikova qeyd edib ki, Qarabağın ürəyi olan Şuşa artıq 26 ildir ki, ermənilər separatçıları tərəfindən işğal olunub. “İşğal olunmuş ərazidə çoxlu sayda muzeylər, talan edilmiş və erməniləşdirilmiş artefaktlar qalıb. Bu xalça dünya “səyahətindən” sonra Vətənə qayıtmış ilk nümunədir” – deyərək o, bir daha konfrans iştirakçılarının diqqətini Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına yönəldib.

Muzeyin kolleksiysının zənginləşmə mənbələri haqqında danışan muzeyin direktoru Vyanadan XVII əsrin sonlarına aid “Şamaxı” xalçasının muzeyin 50 illiyi ərəfəsində əldə edildiyini, Heydər Əliyev Fondu tərəfindən Sotbis auksionunda əldə olunan, XVIII əsrə aid tikmənin hədiyyə edildiyini deyib. Uzun müddət xarici ölkələrdə şəxsi kolleksiyada olmuş Qarabağa aid “Əjdahalı” xalçasının da muzeyə Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilməsini vurğulayıb. Bildirib ki, “Xətai” kompozisiyalı “Əjdahalı” xalçalar Azərbaycan xalça sənətinin çox maraqlı bir qoludur.

Bu yaxınlarda muzeyin yeni aldığı, XIX əsrə aid iki ədəd xalçanın – Bakı qrupuna aid “Xilə buta” və Quba qrupuna aid “Sırt-çiçi” xalçalarının təqdimatı haqqında söz açan muzeyin direktoru xalçanın keçmiş sahibi, kolleksiyaçı, xalça üzrə ekspert, məxsusi olaraq xalçanı təqdimetmə mərasiminə və muzeyə bir neçə kitab hədiyyə etmək üçün Bakıya gəlmiş Stefano İoneskunun da bu işdə yardımını qeyd edib.

Şirin Məlikova bir neçə yüzillik boyu Azərbaycan xalçalarının müxtəlif səbəblərdən ölkədən çıxarıldığını diqqətə çatdıraraq bildirib ki, “Biz xalqımızın estetik təsəvvürlərinin toplandığı xalçalarımızın bütün dünyada bu cür yüksək qiymətləndirilməsinə qarşı deyilik. Bu ölkəmiz və mədəniyyətimiz üçün ən yaxşı təbliğat, reklamdır. Biz bunu anlayırıq. Ancaq kifayət qədər uzun müddət digər ölkələrdə qonaq olmuş unikal və nadir Azərbaycan xalçalarının əldə edilməsi zəruridir. Onların bu gün doğma evinə qayıtmaq vaxtıdır”.

Şirin Məlikova müxtəlif muzey toplularına amerikalı kolleksiyaçılar tərəfindən hədiyyə edilmiş Azərbaycan xalçalarının siyahısını da təqdim edib. Onların içərisində kolleksiyaların ən qiymətli eksponatları sayılan unikal nümunələr var.

Konfrans çərçivəsində sərgi də açılıb. Sərgidə nümayiş olunan eksponatlar içərisində dünyanın fərqli bölgələrinin qədim xalçaları, gözəl tikmələri, o cümlədən Azərbaycan xalçaları, müxtəlif texnikalarda işlənmiş gözəl dərviş papaqları və nadir tikmələr nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə