Xalça Muzeyində seminar keçirilib FOTOLAR

Azərbaycan Xalça Muzeyində “Mədəni sənaye sahələrində investisiyaların əhəmiyyəti və gənclər arasında işsizliyin azaldılmasında onun rolu” mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminar Mədəniyyət Nazirliyi və ISESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Mədəniyyət Nazirliyinin rəsmisi Ramil Abbəkirov çıxış edərək seminarın “İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018” tədbiri çərçivəsində keçirildiyini bildirib. Qeyd edib ki, seminarın ölkəmizdə mədəniyyət və incəsənət sahəsində imkanlar, beynəlxalq təcrübə, məşğulluq imkanları, mədəni sənayeyə investisiya yatırımları, mədəni sənaye və elm tutumlu iqtisadiyyat sahələrində gənclərin bilik və bacarıqlarının artırılması kimi müzakirə mövzuları aktualdır.

ISESCO-nun nümayəndəsi Foued El Ayni diqqətə çatdırıb ki, seminar mədəniyyət sahələrinin inkişafına yönəldilən layihə kimi nəzərdə tutulur. Vurğulanıb ki, gənclər arasında işsizlik yoxsulluq və ekstremizm hallarına yol açır. Müvafiq qurumlar mədəniyyət sahəsinə diqqət ayırmaqla həm işsizliyin aradan qaldırılmasına, həm də mədəni sahənin təşviqinə nail ola bilərlər. Bu mövzu BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərində də öz əksini tapıb. Azərbaycanda təşkil edilən təlim birbaşa mədəni sənayenin inkişafına xidmət edir.

Seminarda sənətşünas Cahangir Səlimxanov və Əsmər Abdullayevanın məruzələri dinlənilib. Məruzələr ətrafında kreativ sənayenin inkişafı, mədəni sənaye sahəsində çalışan insanların düşüncə və təkliflərinin reallığı, mədəni sənayenin inkişafına verilən töhfələr, kreativ sənayeyə cəlbetmə yolları, mədəni marketinq kimi məsələlər müzakirə edilib. Həmçinin mədəni istehsalatda istehlakçı və istehsalçı arasında məsafə, istehlakçı marağı, yardımçı peşələrlə bağlı məlumatlar təlim iştirakçılarının nəzərinə çatdırılıb. Vurğulanıb ki, kreativ sənaye və mədəni sənaye mədəniyyət siyasəti strategiyası çərçivəsində inkişaf etdirilməlidir. Seminarın məqsədi də bütün bu sadalanan ideyaları sənətkarlara və bu sahə ilə məşğul olan insanlara çatdırmaqdan ibarətdir.

İki gün davam edəcək seminarda mədəni sənayenin inkişafında istedad, ideya, yaradıcılıq, kreativ yanaşmaların əhəmiyyəti, yaradıcı potensialın üzə çıxarılması, mədəni sənayenin inkişaf problemləri, habelə mədəni sənayenin inkişaf etdiyi ölkələrin təcrübəsi mövzularında fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...