Kamran Nəzirlinin iki kitabının təqdimatı olub FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış yazıçı, publisist və tərcüməçi Kamran Nəzirlinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə tanınmış yazıçılar, şairlər, ictimai-siyasi xadimlər iştirak ediblər. SİA-nın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid yubilyarın ədəbiyyat və mətbuatımızın inkişafındakı xidmətlərindən danışıb.

Vurğulayıb ki, yazıçının fəaliyyəti və humanitar əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir. K.Nəzirli hekayə, povest, pyes və oçerklərində müasirlərimizin həyatını qələmə alaraq mənəvi dəyərlərə və klassik ənənələrə sadiq qalmaqla, maraqlı və yaddaqalan əsərlər yaradıb. Onun “Sevgi nağılı”, “Doğmalar arasında”, “Şeytan işığı”, “Komada olan adam”, “Qoca uşaq”, “Ağ ev”, “Miras”, “Dördüncü möhür”, “Qağayılar yuva salanda”, “Xoşbəxt quşlar” və digər kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Yazıçının Azərbaycanda nəşr edilən bədii, elmi-publisistik əsərləri ilə yanaşı, ABŞ, Rusiya, Türkiyə, Belarus, Hollandiya, Ukrayna, Koreya, Moldova, Gürcüstan və Özbəkistanda çıxan ədəbi almanax, jurnal və qəzetlərdə dərc olunmuş pyesləri ayrı-ayrı ölkələrin teatrlarında səhnəyə qoyulub.

Yazıçını yubileyi münasibətilə təbrik edən R.Məcid ona yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov yazıçının əsərləri haqqında təəssüratlarını bölüşüb. Bildirib ki, K.Nəzirli yaradıcılığı və şəxsiyyəti bir-birini tamamlayan yazıçıdır. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. K.Nəzirli Cek London, Con Qolsuorsi, Herman Melvil, Marqarit Midçell, Oskar Uayld və digər yazıçıların əsərlərini orijinaldan dilimizə çevirən peşəkar tərcüməçilərdən biridir. Bu əsərlər “Dünya ədəbiyyatı kitabxanası” seriyasından buraxılan kitablara daxil edilib. K.Nəzirli Azərbaycan ədəbiyyatının görkəmli simalarının – Rəsul Rza, Nigar Rəfibəyli, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Əli Kərim, Cabir Novruz, Nəbi Xəzri, Xəlil Rza, Musa Yaqub, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Sabir Rüstəmxanlı və digər şairlərimizin şerlərini ingilis dilinə tərcümə edərək xarici ölkələrdə nəşri və yayılması istiqamətində böyük işlər görüb. O, Azərbaycan Yazıçılar Birliyinin, Belarus Yazıçılar İttifaqının, bir sıra yaradıcı beynəlxalq təşkilatların üzvüdür. K.Nəzirlinin Azərbaycan-Belarus ədəbi əlaqələrinin inkişafında və möhkəmlənməsində xüsusi xidmətləri var. O, ədəbiyyatımızın MDB məkanında təşviqi və yayılması istiqamətində mühüm işlər görüb.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, tanınmış şair Ramiz Rövşən və başqaları çıxış edərək yazıçının yaradıcılığından, peşə fəaliyyətindən bəhs ediblər.

Vurğulanıb ki, K.Nəzirli bir sıra yazıçı və şairlərimizin əsərlərinin MDB üzrə beynəlxalq ədəbiyyat portalında, eləcə də Belarusda çıxan ədəbi jurnal və almanaxlarda dərc olunmasında fəal iştirak edir, həm də Belarus ədəbiyyatı nümunələrini dilimizə çevirərək nəşr etdirir. Ölkəmizi elmi konfranslarda, ədəbi festival və simpoziumlarda layiqincə təmsil edir.

Bildirilib ki, K.Nəzirli publisist və jurnalist kimi uzun müddət Azərbaycan mətbuatında çalışıb, jurnalistikamızın inkişafına öz töhfəsini verib. “Cəmiyyət siyasətin güzgüsüdür” publisistik kitabına görə, o, milli mətbuatımızın banisi H.Zərdabi mükafatına layiq görülüb. O, ədəbi yaradıcılığına görə də bir sıra mükafatlar qazanıb. Belə ki, Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına, “Mo Dik” romanının tərcüməsinə görə, milli kitab müsabiqəsi çərçivəsində ABŞ-ın ölkəmizdəki səfirliyinin xüsusi mükafatına, Minsk şəhərində keçirilən MDB üzrə beynəlxalq “Rodnoy dom” ədəbiyyat müsabiqəsinin “Qran-Pri” mükafatına və Belarusun İnformasiya Nazirliyinin xüsusi diplomuna layiq görülüb.

Tədbir çərçivəsində K.Nəzirlinin “Babalar nağıl danışmırlar” hekayələr kitabının və “Dördüncü möhür” romanının təqdimatı olub.

Sonda yubilyar tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...