Lənkəran Teatrı Yardımlıda qastrol səfərində olub FOTOLAR

Lənkəran Dövlət Dram Teatrının truppası Yardımlıda qastrol səfərində olub. Yaradıcı kollektiv Yardımlı şəhər Mədəniyyət Sarayının səhnəsində yazıçı-publisist Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” tamaşası ilə çıxış edib. SİA-nın məlumatına görə, səhnə əsərində hadisələr keçmiş sovet dövründə cərəyan edir. Moskvada hərbi xidmət keçən Güləli tərxis olunarkən özü ilə Vətənə Nataşa adlı bir rus qızını da gətirir. Anasının əcnəbi gəlinini qəbul etmədiyini gördükdə isə, Güləli onu etnoqraf tələbə kimi qələmə verir. Bu halda hamı qonağa hörmət edib, onun bir neçə ay müddətinə xalqımızın etnoqrafiyasını öyrənməsinə şərait yaradır. Amma tezliklə bunun hiylə olduğu bilinir. Axırda Güləlinin ata-anası rus qızını oğlanları üçün almağa razılıq versələr də, Nataşa Moskvaya qaçır...

Tamaşanın quruluşçu rrejissou, Əməkdar artist Adil Zeynalov, rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Maraqla baxılan tamaşada əsas rolları əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Allahverən Babayev, Qızılgül Quliyeva, Səyad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.

Qeyd edək ki, tamaşaya Yardımlı Rayon İcra Hakimiyyəti aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, pedoqoji və ictimaiyyət nümayəndələri də baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə