Qərib Qəribli: “ Hər bir insana doğulduğu ölkə iman əsəri olmalı və onu ülvi məhəbbətlə sevməlidir”

Qərib Qəribli, tanınmış aktyor, rejissor, maraqlı yazıçı və rəssamlıqla məşğul olan Şahmar Qəriblinin oğludur. Şahmar Qəribli 2018-ci ilin fevral ayının 16-da haqq dünyasına qovuşdu. O, 1952-ci ilin fevral ayının 13-də anadan olmuşdu. 66 il 3 gün ömür sürən Şahmar Qərib oğlu Qəribli teatr və kino sahəsində həm aktyor və həm də rejissor kimi çox böyük işlər görüb. Maraqlı hekayələr, povestlər, pyeslər, kinossenarilər yazıb. Belə bir istedadlı insanın ailəsində dünyaya gələn Qərib Qəribli də fitri istedadlı uşaq kimi Sumqayıt şəhərində təhsil aldığı 28, 11 nömrəli tam orta məktəblərdə və Nizami Gəncəvi adına Təbiət təmayüllü elmləri liseydə dərslərini yaxşı oxumağına və maraqlı rəsm əsərləri çəkdiyinə görə az bir vaxtda müəllimlərin sevimlisi olub. Uşaq yaşlarında hamı elə fikirləşirdi ki, Qərib Qəribli böyüyəndə aktyor olacaq. Çünki hələ məktəbdə oxuduğu illərdə bir neçə televiziya filmlərində çəkilən və teatr tamaşalarında maraqlı rollar oynayan Qərib Qəribli özünün fitri istedadı ilə gələcəkdə maraqlı aktyor olacağını sübut eləyirdi. Amma orta məktəbi bitirən Qərib, Azərbaycan Kooperasiyasiya Universitetinin beynəlxalq ticarət fakültəsində təhsil aldı. Ali məktəbi əla qiymətlərlə bitirsə də məmləkətimizdə öz sahəsi üzrə layiqli iş tapa bilməyən Qərib, məcbur olub Türkiyəyə işləməyə gedib. Belə bir savadlı mütəxəssisi də orada tez bir vaxtda işlə təmin ediblər. Cəmi 34 yaşı olmasına baxmayaraq Qərib bu gün İstanbul şəhərində böyük bir təşkilatın beynəlxalq ticarət işinə rəhbərlik edir. Amma uşaq yaşlarından rəsm sənətilə məşğul olduğuna görə Qərib Qəribli həm də rəssam kimi çox maraqlı rəsm əsərləri çəkir. O, özünün heç bir rəssama bənzəməyən orijinal üslubunu yaratmaq istəyir.

Qərib indi bir neçə günlüyə Azərbaycana gəlib. Atasının 47 illik dostu kimi ilk öncə mənimlə görüşdü. Biz, onunla həmsöhbət olduq.

-Qərib, eşitmişəm ki, sən öz işində çox yaxşı mütəxəssis kimi sevilirsən və yüksək səviyyədə qəbul olunursan. Bəs necə oldu ki, həm də rəssam kimi artıq Türkiyədə sənət adamları arsında sevildin və portretlərini çəkdiyin insanlar sənə gələcəyin çox maraqlı rəssamı kimi baxırlar?

-Bu, ilk öncə ailədən gəlir. Çünki atam Şahmar təkcə aktyor, rejissor, yazıçı deyildi. O, həm də həvəskar rəssam idi. Maraqlı rəsm əsərləri çəkirdi. Yəqin elə buna görə də bacım Nərgiz bu gün Türkiyədə cavan şair və nasirlər arasında öz yerini tapmağa çalışır və artıq yazıçı kimi öz sözünü deyir. Onun yazdığı şeirlər, hekayələr və dünya xalqlarından tərcümə əsərləri Türkiyə mətbuatında tez-tez çap olunur. Yəqin mənə də atamdan aktyorluq və rəssamlıq sahəsi nəslən keçib. Amma onu da vurğulayım ki, bu iki sahə hər ikisi çətin olduğuna görə atam istəmirdi ki, mən aktyor və rəssam olum. Hətta altıncə sinifdə oxuyanda bizə biologiya müəlliməmiz ev tapşırığı vermişdi. Hüseyrələrin şəkilini çəkmək. Mən də çəkib gətirdim. Müəllimə dedi ki, “mənə lazımdı şəkili sən özün çəkəsən. Sən isə atana çəkdirib gətirmisən”. Dedim ki, özüm şəkmişəm. İnanmadı. Dedi ki, “əgər özün çəkibsənsə sübut elə. İndi mən sənə başqa bir tapşırıq verəcəm. Keç arxa partada otur və bu şəkili dərsin axırına kimi çək”. O, mənə daha çətin bir tapşırıq verdi. Mən də oturub 15-20 dəqiqəyə həmin şəkili çəkdim. Müəllimə çəkdiyim şəkilə baxıb mat qaldı və məndən üzr istədi. Dedi ki, sənə bundan sonra rüblüyə beş qiymət yazacam. Sonra mənə müəllimə biologiya ilə bağlı sifarişlər verdi ki, plakat formasında şəkillər çəkib gətirim. Mən də böyük həvəslə onları çəkib gətirdim. Mən, bundan daha da ruhlanaraq, anam Lətifə xanımın rəsm əsərini çəkdim. Atama göstərdim. O, dedi ki, “rəssamlıq çətin, ağır, məşəqqətli sənətdir. Çalış bu sahə ilə məşğul olma. Mənim arzum səni hüquqşunas, ya da iqtisadçı görməkdir”. Amma daxilimdə bir səs və inadkarlıq deyirdi ki, sən bu sənətdən ayrılma. Elə həmin vaxtı atamdan gizlin Sumqayıtdakı Nəriman Nərimanov adına Mədəniyyət evinə gedib rəsm dərnəyinə yazıldım. Orada rəssamlıq sənətinin sirrlərini öyrənməyə başladım. Artıq 7-ci sinifdə oxuyanda məktəbdə hamı məni rəssam kimi tanıyırdı. O vaxtı da mən Sumqayıtda məşhur pedaqoq, Əməkdar müəllim Minarə Tahirovanın rəhbərlik etdiyi Nizami Gəncəvi adına Təbiət təmayüllü elmləri liseydə təhsil alırdım. Sonra da 9-11-ci sinifləri Əməkdar müəllim Ofelya Babayevanın direktoru olduğu 11 nömrəli tam orta məktəbdə oxumuşam. Orada da mənə hamı gələcəyin rəssamı kimi baxırdı. Çünki burada da mən çoxlu rəsm əsərləri çəkirdim. Mədəniyyət evindəki rəssamlıq dərnəyində də əsasən qara qələmlə işləməyi, necə kölgələr yaratmağı və məşhur rəssamların həyatını müəllimlərimdən öyrənirdim. Onların iş üslubları ilə tanış oldum.

-Bəs orta məktəbi bitirəndən sonra niyə rəssamlıq sahəsində təhsil almadın?

- Atamın arzusunu yerinə yetirdim. Beynəlxalq ticarət sahəsində təhsil aldım. Ali məktəbdə oxuyan vaxtlar demək olar ki, rəssamlıqla məşğul olmadım. Sadəcə inzibati, coğrafi xəritələri çəkirdim. Müəllimlərim ilk əvvəl elə bilirdilər ki, mən bunları kserokopiya eləyirəm. Gördülər ki, bunlar kserokopiya yox, əllə çəkilmədir. Onların da mənə hörməti, inamı artdı. Sonra mən işləmək üçün Türkiyəyə getdim. Orada da 10 il əlavə təhsil almaq və iş yerində özümü sübut etmək üçün çox çalışdım. Beləliklə, 2007-ci ildən 2017-ci ilə kimi rəssamlıqla məşğul olmadım. Baxmayaraq ki, bacım Nərgiz mənə təkid eləyir və məni məcbur eləyirdi ki, rəssamlıq sənətini davam eləyim, amma elə bil ki, daxilimdə belə bir qüvvə yaranmırdı. Özüm də bilmirdim ki, mənə nə olub? Beləliklə, 2017-ci ilin sonundan artıq rəsm əsərləri çəkməyə başladım. Rəsm əsərləri çəkməyə də ona görə razılaşdım ki, ailə dostlarımıza onların portretlərini çəkib, yeni ildə sürpriz kimi hədiyyə etmək istəyirdim. İlk əvvəl həmin insanların və məşhur türk aktyorlarının, müğənnilərinin şəkillərini çəkdim və onların böyük tədbirlərində bu rəsm əsərlərini onlara hədiyyə verdim. Onlar da elə bilirdilər ki, bu portretlər kserokopiyadır. Amma görəndə ki, bunlar əsl rəsm əsərləridir, həmin insanlar bunu çox yüksək qiymətləndirdiklərinə görə məndə bu sənətə yenidən böyük istək, qürur hissi yarandı. Bu vaxt beynimdə yarandı ki, mən şəbəkə və mozaika üslubundan istifadə etməklə rəsm əsərləri çəkim. Başladım bu üslublardan istifadə etməklə rəsm əsərləri çəkməyə. Bu sahədə ilk işlərimdən biri məşhur rəssam Aydan Tahir qızı Salahovanın portretini çəkmək oldu. Mən, bu portreti çəkib, Moskvaya ona göndərdim. Bilirsiniz ki, Aydan xanım məşhur rəssam Tahir Salahovun qızıdır. O, bu potretə görə mənə öz təşəkkürünü feyzbuk vasitəsilə yazıb göndərdi və məsləhət bildi ki, bu işlə çox ciddi məşğul olum. Və onu da vurğuladı ki, bu üsul rəssamlıqda yeni üsuldur. Bunu də sən yaratmısan. Sonra mən dünyanın dahi şəxsiyyətləri, siyasətçiləri seriyasından rəsm əsərləri çəkməyə başladım. Mustafa Kamal Atatürkün, Heydər Əliyevin, Rəcəb Tayyib Ərdoğanın, İlham Əliyevin və başqa məşhur dövlər rəhbərlərinin, alimlərin, şairlərin, yazıçıların, incəsənət xadimlərinin portretini çəkdim. İndi isə mən, tarixdə öz izlərini qoyan məşhur qadınlar seriyasından portretlər çəkirəm. Bundan əlavə başqa mövzularda da rəsm əsərləri yaradıram.

- Mozaika və şəbəkə formasında rəsm əsərləri çəkmək bu rəssamlıqda yeni üslubdur...

-Bəli. Mənə bu üslubda rəsm əsərləri çəkmək elə bil ki, daha maraqlı və yaxşıdır. Bu janrlarda şəkdiyim rəsm əsərləri də həm o insanlar və həm də tamaşaçılar tərəfindən maraqla qarşılanır. İndi mən məşhur türk sənət adamlarının, yazarlarının portretlərini çəkib, onların imza günündə hədiyyə eləyirəm. Onlar da bunu çox yüksək qiymətlərdirirlər.

İstanbulda Türkiyədə yaşayan azərbaycanlıların sərgisi keçirilirdi. Orada təbii ki, mənim rəsm əsərlərim yox idi. Amma mən də ora özümüm üç rəsm əsərimi apardım. Bu portretlərdən biri ulu öndər Heydər Əliyevin, biri İstanbuldakı Yedditəpə Universitetində dərs deyən, dosent, rəssam Teymur Rzayevin portreti və biri də Xalq artisti, sizin və atamın tələbə yoldaşı Cahangir Novruzovun portreti idi. Teymur müəllim bir mütəxəssis kimi bu portretləri yüksək qiymətləndirdi. Və məsləhət bildi ki, mənim şəkdiyim bu rəsm əsərləri həmin sərgidə nümayiş olunsun. Tamaşaçıların həmin əsərlərə böyük maraqla baxmaları və mənə təşəkkür etmələri məndə özümə qarşı inamı bir qədər də artırdı. Hətta Azərbaycanın Günhuriyyəti günündə Türkiyədə keçirilən tədbirdə mən Gümhuriyyətin rəhbərləri və ulu öndər Heydər Əliyevin də portretlərin çəkmişdim. Bu portretləri bizim İstanbuldakı kosulumuza verdim. O, bu rəsm əsərlərini yüksək qiymətləndirdi. İndi dağınıq bir qaralama formasında rəsm əsərləri çəkirəm. Bu rəsm əsərlərinin içərisində bir neçə mövzular olmalıdır.

-Hələ də sən rəssamlıq sahəsində təhsil almaq istəmirsən?

- Bəzən fikirləşirəm ki, rəssamlıq sahəsində təhsil alsam bir qəlibə salınacam. Ona görə də hələ ki, ayrı-ayrı janrlarda rəsm əsərləri çəkməklə özümü yoxlamaq istəyirəm. Hətta dünya xalqlarının məşhur nağıllarına da ilyüstrasiyalar çəkirəm. Ola bilər ki, gələcəkdə rəssamlıq sahəsində də təhsil alacam və ya hansısa məşhur rəssamın emalatxanasına getməklə ondan nə isə öyrəndim. Amma bu gün daha çox rəsm əsərləri çəkirəm. İndi artıq yüzdən çox rəsm əsərlərim var və çox istərdim ki, bu əsərlərimin Azərbaycanda sərgisi təşkil olunsun. Çünki bu rəsm əsərlərimin çoxu vurğunu olduğum Azərbaycana, onun təbiətinə və xalqımızın tanınmış şəxsiyyətlərinə aiddir.

- Bəs Türkiyədə Azərbaycan diasporu ilə əlaqələrin necədir?

- Azərbaycan cəmiyyətilə sıx əlaqələrim var. İmkan düşdükcə onların tədbirlərində oluram. Biz, anam Lətifə xanım, bacım Nərgiz xanım və mən Türkiyənin İstanbul şəhərində yaşasaq da Azərbaycanla nəfəs alırıq. Doğma ölkədə baş verən yenilikləri çox maraqla izləyirik. Axı, hər bir insana doğulduğu ölkə iman əsəri olmalı və onu ülvi məhəbbətlə sevməlidir. Məşhur şairimiz Abbas Səhhət demişkən: “Vətənim verdi mənə nanü-nəmək, Vətəni məncə unutmaq nə demək?..”

Biz də Qərib Şahmar oğlu Qəriblinin bu əsərlərini görən və sənət aləmindən xəbəri olan insan kimi insnırıq ki, o, gələcəkdə rəsssamlıq sahəsində böyük uğurlar əldə edəcək. Və inanırıq ki, xalqımızı dünyada tanıdan rəssamlarımızdan biri olacaq. Qərib hələ gəncdir. Avqus ayının 17-də 34 yaşı tamam olacaq. Onun bütün uğurları hələ qabaqdadır.

Ağalar İDRİSOĞLU,

Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə