Məzunlara şəhadətnamələr təqdim olunub FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində 2017-2018-ci tədris ili üzrə uşaq musiqi və incəsənət məktəblərini yüksək nailiyyətlərlə bitirən məzunlara şəhadətnamələrin təqdim olunması mərasimi keçirilib. SİA-nın məlumatına gör, əvvəlcə Prezident təqaüdçüsü olan şagirdlərin iştirakı ilə konsert proqramı təqdim olunub.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev məzunları təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycanda ümumilikdə 212 musiqi və incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə təhsil alan 59 mindən artıq şagirdin təlim-tərbiyəsi ilə 15 mindən çox müəllim məşğul olur. Nazir deyib: “Son dövrdə musiqi məktəblərində optimallaşma həyata keçirdik və bunun nəticəsində təhsilin keyfiyyətinin artırılmasına nail olduq. Bu işi davam etdirəcəyik. Hiss edirik ki, müəllimlər işlərinə ciddi yanaşırlar. Şagirdlərin əldə etdikləri nailiyyətlər gələcəkdə onların təhsili üçün önəm daşıyır. Bu il musiqi məktəblərindən iki minədək şagird məzun olur. Bu məzunların sırasında 110-dan artıq Prezident təqaüdçüsü var. Onların 51-i Bakı şəhərində fəaliyyət göstərən məktəblərin payına düşür”.

Nazir qeyd edib ki, musiqi məktəblərinin şəbəkəsi daim inkişaf etdirilməlidir. Çünki sabahın musiqiçiləri bu gün yetişməli və musiqimizin gələcəyi yetişən gənc nəslin təhsilindən asılıdır. Ə.Qarayev deyib: “Bu gün musiqi və incəsənət məktəblərinin əksəriyyəti ölkə rəhbərliyinin göstərişinə əsasən təmir olunaraq yeni avadanlıqla təchiz edilib. Bu, təhsilin daha da inkişaf etməsinə töhfədir. Gənc istedadlara dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Vurğulanıb ki, musiqi və incəsənət məktəblərini fərqlənmə ilə bitirən uşaqlar musiqi sahəsində təhsillərini davam etdirməli və bununla da Azərbaycan mədəniyyətinin gələcəyi etibarlı əllərdə olmalıdır. Təhsili fərqlənmə ilə bitirənlər üçün bu şəhadətnamələr müəyyən yollar açır, onların təhsilinə, eləcə də beynəlxalq müsabiqələrdə iştirakına şərait yaradır.

Ə.Qarayev qeyd edib ki, musiqi təhsili sahəsində çalışan mütəxəssislər öz işlərini düzgün qurmalı, məktəblərdə yaradıcı mühit yaratmalı və musiqi mədəniyyətimizin gələcəyi naminə bacarıqlarını əsirgəməməlidirlər.

Sonra nazir uşaq musiqi və incəsənət məktəblərini fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə