Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

XX əsr Azərbaycan aşıq sənətinin və ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan, Aşıq Ələsgərdən sonra ən çox xitab edilən və ustad aşıq sayılan Şəmşir Qocayevin anadan olmasının 125 illiyi tamam olur. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin “Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi” haqqında Sərəncamına əsasən respublikada Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir.

1893-cü ilin 15 mart tarixində Kəlbəcər rayonunda anadan olmuş, aşıq yaradıcılığını həm qoşma, müxəmməs, gəraylı, bayatı, rübai, qəzəl və təcnis kimi müxtəlif janrlarda yazdığı şeirlərlə zənginləşdirmiş, həm də çoxsaylı yeni havaların yaradılmasına öz töhfəsini verərək onlarla bəstələr ərsəyə gətirmiş Aşıq Şəmşir Qocayevin 125 illik yubliyeliyinə həsr edilmiş “O Kürün, Arazın Tərtəriyəm mən” adında tədbir Qobustan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində keçirilib.

Yüzlərlə Şəmşirsevərin iştirak etdiyi tədbirdə repertuar zənginliyi, ifa məharətinə görə seçilən, Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş, Əməkdar incəsənət xadimi fəxri adı və “Şərəf nişanı” ordeni ilə təltif edilmiş Dədə Şəmşirin aşıq sənətinə, poeziyasına mədəniyyətinə verdiyi töhfələrdən söz açıb. Tədbirdə çıxış edənlər, o cümlədən şair Əlövsət Saldaş Aşıq Şəmşirin aşıq-ozan sənətinin gənc nəslə aşılanması üçün daim yorulmadan çalışdığından, çoxsaylı tələbələr yetişdirdiyindən, onlarla gənc şair və yazıçının ədəbi mühitimizə daxil olmasına köməklik göstərdiyindən, həmçinin bütün bu xüsusiyyətlərinə görə Aşıq Şəmşir “dədə” ləqəbi verildiyindən bəhs edib.

Sonda Aşıq Şəmşirin ədəbi irsinin özündən sonra da tədqiq edildiyi, haqqında əsərlər, məqalələr, elmi-tədqiqat işləri yazıldığı vurğulanmış və tədbir bayram əhval-ruhiyyəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə