Azərbaycan Aşıqlar Birliyindən yeni layihə

Azərbaycan Aşıqlar Birliyində “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” adlı yeni layihənin həyata keçirilməsi istiqamətində iş aparılır.

Birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu SİA-ya bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılacaq layihə çərçivəsində respublikamızın müxtəlif guşələrində yaşayan istedadlı aşıqların arasında seçim aparılacaq. Onlardan “Koroğlu havaları”nı ən yaxşı ifa edən 15 aşıq seçiləcək. Bu zaman musiqi (aşıq havaları) ilə yanaşı, mətnlərin – qoşma və gəraylıların seçiminə də xüsusi diqqət yetiriləcək. Hər ifaçının oxuyacağı aşıq havası və şeir müəyyənləşdiriləndən sonra onların çıxışı studiyada lentə alınacaq. Daha sonra həmin ifalar xüsusi CD albom şəklində hazırlanaraq ictimaiyyətə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə