"Barama"nın “Günəş”i: "Teatrımızda konfliktlərə yol verilmir" MÜSAHİBƏ

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisası Asya Atakişiyevanın müsahibəsini SİA-nın oxucularına təqdim edirik:

- Hazırda çalışdığınız Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında yeni tamaşada rol almısınızmı?

- “Şirinlər” tamaşasında oynayacam. Bu tamaşa üçün məşqlər edirik. “Şirinlər” cizgi filmi əsasında hazırlanan uşaq tamaşasıdır. “Şirinlər” pyesinin rejissoru Elşad Rəhimzadədir.

- Son olaraq, hansı serialda çəkilmisiniz?

- “Ata ocağı” serialına rol almışam. Ekran işi Xəzər TV-nin məhsuludur. Serialın baş ssenarist Valeh Əhmədovdur.

- Sizcə, serialın ssenarisi yazıldıqdan sonra onun ərsəyə gətirilməsi üçün maliyyə dəstəyi lazımdırmı?

- Bəli. Sponsorlar serialların çəkilib, tamaşaçılara təqdim olunmasında maddi dəstək olur. Amma Xəzər televiziyası çəkilən serialları özü maliyyələşdirir.

- “Barama” serialında “Günəş” rolunu canlandırmısınız. Sizcə, “Günəş” obrazı tamaşaçılar tərəfindən sevildimi?

- Məncə, “Günəş” obrazı böyük kütlə tərəfindən sevildi. Çünki mənə küçədə “Günəş” deyə müraciət edirlər.

- Bildiyimiz kimi, bir çox teatrlarda qalmaqallar baş verir. Bu hallar Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında yaşanırmı?

- Bizim teatrda qalmaqal yoxdur. Ancaq mübahisələr olur. Mübahisələri də öz aramızda həll edirik. Mübahisəsiz yaradıcılıq ola bilməz. Lakin teatrımızda konfliktlərə yol verilmir.

- Xarici ölkələrə qastrol səfərlərinə dəvətlər alırsınızmı?

-Türkiyəyə seriala çəkilməyə dəvət etmişdilər. Lakin müəyyən səbəblərə görə razı olmadım. Amma Rusiyada, Asetiyada, Kalmıkiyada, Vladivostokda, Gürcüstanda qastrol səfərlərdə olmuşam.

- Həmkarlarınızla münasibətiniz necədir?

- Mənim bütün incəsənət adamları ilə münasibətim yaxşıdır. Hər kəslə yola getməyi bacarıram.

- Sizin üçün şəxsi həyat yoxsa teatr önəmlidir?

- İşimlə şəxsi həyatımı müqayisə edə bilmərəm. Çünki mənim üçün hər ikisi önəmlidir.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə