British Council” Azərbaycanda inklüziv kinoteatrları dəstəkləyir

“YARAT” Müasir İncəsənət Mərkəzində Azərbaycanın mədəniyyət liderləri üçün ikigünlük təlimə başlanılıb. SİA-nın məlumatına görə, tədbir “British Council Azərbaycan”, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və “YARAT” Müasir İncəsənət Mərkəzi ilə birlikdə reallaşıb.

Tədbirin açılış mərasimində “British Council Azərbaycan”ın direktoru Elizabet Uayt eşitmə məhdudiyyətli icmalar arasında həyata keçirdikləri layihələrdən danışıb. Bildirib ki, həyat qabiliyyətinə, sosial inteqrasiyaya, mədəniyyət və incəsənət sektorunda inklüziv mühitin qurulmasına və alternativ gəlir mənbələrinin yaradılmasına xüsusi diqqət yetirildiyi bugünkü dövrdə fiziki cəhətdən məhdud imkanlı insanların kinematoqrafiya sahəsinə cəlb edilməsi sosial və iqtisadi baxımdan çox vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan əhalisinin 6,4 faizini əlilliyi olan şəxslər təşkil edir, dünya üzrə bu göstərici 15 faizdir.

“British Council Azərbaycan” bütün insanların bərabər və müstəqil şəkildə, öz istəyi və seçimi əsasında incəsənət və mədəniyyət sahələrində iştirakına imkan verən inklüziv cəmiyyətin inkişaf etdirilməsini dəstəkləyir. Dördüncü Britaniya Film Baharı Festivalının davamı olaraq keçirilən ikigünlük təlimdə Azərbaycanın mədəniyyət liderləri iştirak edəcəklər. Təlim “British Council”ın “Bərabərlik, müxtəliflik və inklüzivlik” siyasətinə və Nizami Kino Mərkəzinin “Hər kəs üçün kino” strategiyasına uyğun olaraq mədəniyyət mərkəzlərində əlilliyi olan şəxslər üçün daha müyəssər və inklüziv mühitin yaradılması məqsədilə təşkil olunur.

Təlim Müstəqil Kino Ofisinin nümayəndəsi, britaniyalı ekspert Cemma Bakli tərəfindən keçirilib. Cemma Bakli kinoteatrların eşitmə məhdudiyyətli insanlardan ibarət auditoriya üçün daha əlçatan olması yolları haqqında danışıb. Qeyd edək ki, tədbirdə yerli mütəxəssislər qonaq-spikerlər qismində iştirak ediblər.

Sonda “British Council Azərbaycan” Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə, Nizami Kino Mərkəzinə və “YARAT” Müasir İncəsənət Mərkəzinə dərin təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə