ATMU yeni tədris ilindən MBA proqramına qoşulur FOTO

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planın 4.1.6.-cı bəndinə uyğun olaraq rektor İlham Mədətovun göstərişi ilə 2018/2019-cu tədris ilindən Amerika və Avropa universitetlərinin tədris proqlamlarına uyğun olaraq Azərbaycan Turizm və Menecment Universitetində MBA proqramında 4 ixtisas üzrə tələbə qəbuluna start verilib.

SİA-nın məlumatına görə, magistratura pilləsində 22 ixtisas üzrə mütəxəssislər hazırlığını uğurla həyata keçirən ATMU –ya Azərbaycan Nazirlər Kabineti tərəfindən 2018/2019-cu tədris ilində MBA proqramı çərçivəsində 4 ixtisas (Turizm və otelçiliyin idarəedilməsi, Menecment, Marketinq, Maliyyə) üzrə ümumilikdə 65 plan yeri ayrılmışdır. Adıçəkilən proqram müəyyən sahədə fəaliyyət göstərən mütəxəssislərə də təhsil almaq imkanı verir. Tədris ATMU-nun yüksək ixtisaslı yerli və əcnəbi professor-müəllimləri tərəfindən axşam saatlarında keçiriləcəkdir.

MBA proqramında idarəetmə və təşkilati davranış, maliyyənin idarə olunması, biznes və iqtisadiyyat üçün statistika, marketinq konsepsiyaları, menecerlər üçün mühasibat, istehsalın və əməliyyatların idarə olunması, strateji idarəetmə, insan resurslarının idarə olunması, idarəetmənin iqtisadiyyatı, informasiya texnologiyalarının idarə olunması, kapital qoyuluşu və maliyyə strategiyaları, bazarın öyrənilməsi və beynəlxalq biznes kimi aktual fənlərin tədrisi nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanıb tədris prosesində ən son texnoloji nailiyyətləri həyata keçirən ATMU-da MBA proqramının tətbiqi gənclər üçün idarəetmə sahəsində yeni bilik və bacarıqların əldə edilməsinə böyük imkanlar yaradacaq.

MBA proqramının üstünlükləri ilə bağlı hər üç fakültədə xüsusi təqdimatlar təşkil olunub. 23 may 2018- i il tarixindəki növbəti təqdimatda Tədris işləri üzrə prorektor İranə Əliyeva və Elm və inkişaf məsələləri üzrə prorektor Anar Eminov MBA proqramı üzrə yeniliklər və innovativ metodlar barədə danışmış, eyni zamanda proqramın tətbiqi ilə bağlı konkret təkliflər veriblər. Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərovanın təqdimat-çıxışı proqramın təşkili barədə olub. Tədbirə dəvət olunmış Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Təlim tədris mərkəzi Biznes inkişafı şöbəsinin müdiri, MBA proqramı üzrə müəllim və ekspert Namiq Əlizadə öz çıxışında şəxsi təcrübəsinə istinad edib, o cümlədən proqrama dair yeniliklərin konkret icmalını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə