“Parisdən məktublar” filmi nümayiş olunub

Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin təşkilatçılığı ilə “Parisdən məktublar” sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayında nümayiş olunub. SİA-nın məlumatına görə, filmin nümayişi Mədəniyyət Nazirliyi və Penitensiar Xidmətin təsdiq etdiyi “Müddətli həqiqi hərbi xidmət keçən şəxsi heyətin, müəyyən müddətdə azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumların asidə vaxtlarının səmərəli keçirilməsi, mədəni səviyyələrinin yüksəldilməsi, vətənpərvərlik ruhunun artırılması məqsədilə birgə görüləcək işlərə dair” tədbirlər planına uyğun olaraq həyata keçirilib.

Tədbirdə Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin Milli filmlərin istehsalı və qeydə alınması sektorunun müdiri Aydın Hüseynov, “Salnamə” sənədli filmlər studiyasının direktoru Nazim Hüseynov və Mühafizə alayının əsgərləri iştirak edib.

Alay komandirinin tərbiyə işləri üzrə müavini, ədliyyə polkovnik-leytenantı Əfqan Nəbiyev filmin nümayişinin təşkilinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. Vurğulanıb ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Xalq Cümhuriyyətinin 100 illiyi dövlət səviyyəsində qeyd edilir. Penitensiar Xidmətin tabe qurumları da bu münasibətlə müvafiq tədbirlər keçirirlər.

Filmin rejissoru Tahir Əliyev bildirib ki, sənədli ekran əsəri görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri və Cümhuriyyət parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun həyatı və siyasi fəaliyyətindən bəhs edir. Ssenari müəllifi Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə olan filmin çəkilişləri Moskvada, Tbilisidə, Sankt-Peterburq və Parisdə aparılıb. Filmdə Ə.Topçubaşovun AXC-ni Versal Sülh Konfransında təmsil edən nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti geniş əks olunub. 1920-ci ildə Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal olunduğuna görə Parisə gedən nümayəndə heyəti bir daha vətənə geri dönə bilmir və müxtəlif ölkələrdə məskunlaşırlar. Rejissor filmin ərsəyə gəlməsində görkəmli diplomat Ramiz Abutalıbovun da böyük əməyinin olduğunu vurğulayıb.

Daha sonra film nümayiş olunub. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında lentə alınan filmin operatoru Elşən Əliyev, musiqi tərtibatçısı Azər Əsgərov, montajçısı Rauf Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə