Milli Kitabxananın 95 illiyinə həsr edilən sərgi açılıb FOTOLAR

M.F.Axundzadə adına Milli Kitabxanada bu mədəniyyət ocağının 95 illiyinə həsr edilən sərgi açılıb. SİA-nın məlumatına görə, sərgi Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsidir.

Tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov respublika əhalisinə yüksək səviyyədə kitabxana-informasiya xidməti göstərən, dünyanın ən modern və zəngin kitabxanaları sırasında öz yeri olan Azərbaycan Milli Kitabxanasının yaranma tarixindən və bugünkü nailiyyətlərindən söhbət açıb. Bildirib ki, Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, Azərbaycan haqqında, eləcə də Azərbaycan müəlliflərinin xaricdə nəşr olunmuş əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitab saxlayıcısıdır. Kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq sahəsində elmi-tədqiqat işləri üzrə aparıcı müəssisə və əlaqələndirici, ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya və informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirən kitabxana elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edir, onların sistemli ictimai istifadəsini təşkil edir, sosial institut kimi cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərir.

T.Kərimov qeyd edib ki, kitabxananın əsas fəaliyyət istiqamətlərindən biri oxucuların böyük həcmdə mürəkkəb və çoxşaxəli sorğularının operativ ödənilməsi imkanı, yüksək inkişaf etmiş sorğu-biblioqrafiya və informasiya xidmətinin təşkili, xidmətin müasir metodlarından istifadə olunmasıdır. Milli Kitabxana zəngin universal fonda, elektron resurslara, oxuculara təqdim edilən əlverişli şəraitə malik olduğu üçün regionun bütün oxucu kateqoriyasının informasiya tələbatlarını operativ şəkildə ödəməyə qadirdir.

Bu gün Milli Kitabxananın fəaliyyətində kitabxana işinin müxtəlif aktual problemlərinə, görkəmli şəxslərin, elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinə, cəmiyyəti narahat edən qlobal məsələlərə həsr edilmiş müxtəlif mövzularda metodik tövsiyələr, vəsaitlər nəşr edilir. Bu nəşrlərdə kitabxana ictimaiyyəti üçün dəyərli məlumatlar verilməklə yanaşı, bəhs edilən mövzularla əlaqədar kitabxanaların qarşısında duran vəzifələr, təbliğat üsulları və tövsiyələr əks etdirilir. Milli Kitabxana, həmçinin kitabxanaların inkişaf perspektivlərini müəyyənləşdirir, əsas göstəricilərin təhlilini, yeni iş forma və üsullarının axtarışını, aparıcı təcrübənin təbliğini həyata keçirir, kitabxananın fəaliyyətinin aktual problemlərinə, yeniliklərə dair xüsusi seminarlar, treninqlər, ustad dərsləri təşkil edir.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək “Açıq kitabxana” layihəsindən söhbət açıb. Burada mütəmadi olaraq kitab müəllifləri ilə “imzalı görüşlər”in keçirildiyini, “Açıq kitabxana”nın saytı vasitəsilə Azərbaycanda və xarici ölkələrdə çap olunan kitabların onlayn sifarişinin və oxuculara çatdırılması sisteminin də təşkilini söyləyib. Qeyd edib ki, paytaxt sakinləri və şəhərimizin qonaqları üçün daha təkmil, fasiləsiz və sərbəst mütaliə imkanlarının yaradılması məqsədilə təşkil edilmiş “Açıq kitabxana” asudə vaxtın təşkili və mütaliə mədəniyyətinin formalaşması istiqamətində atılmış növbəti addımdır.

Sonda qonaqlar kitabxananın nəşrlərindən ibarət geniş sərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...