“Imagine” II Avropa Tolerantlıq Festivalına yekun vurulub FOTOLAR

“Imagine” II Avropa Tolerantlıq Festivalına yekun vurulub. Festival İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi və Avropa İttifaqının (Aİ) Azərbaycanda nümayəndəliyinin təsis edilməsinin 10 illiyinə həsr olunub. Layihə Aİ-nin Azərbaycandakı nümayəndəliyi, Avropa İttifaqına üzv ölkələrin səfirlikləri, “YARAT” Müasir İncəsənət Mərkəzi, “United Cultures” və “Media Centre” birlikləri, “Park Cinema” kinoteatrlar şəbəkəsi və “Landmark” oteli tərəfindən həyata keçirilib. Festivalda Aİ-yə üzv ölkələrlə yanaşı, İsveçrə, Norveç, ABŞ, İsrail, Moldova, Serbiya, həmçinin Latın Amerikası ölkələri - Braziliya, Kosta-Rika, Peru, Meksika, Argentina və Ekvador təmsil olunublar. SİA-nın məlumatına görə, festivalın bağlanış mərasimi keçirilib.

Tədbirin təşkilatçısı, Aİ Nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis qeyd edib ki, mayın 2-dən başlamış festival geniş şəkildə keçirilib. Festivalın zəngin proqramı sənədli kino ilə yanaşı, musiqi axşamlarını, ustad dərslərini, teatr tamaşalarını, həmçinin dünya şöhrətli rejissor və musiqiçilərlə diskussiyaları əhatə edib. Növbəti il festival daha çox uğur qazanacaq.

“United Cultures” təşkilatının rəhbəri Paola Kasaqrande diqqətə çatdırıb ki, festivalda 28 iştirakçı ölkədən 12-nin Aİ üzvü olmaması bu layihənin beynəlxalq xarakter daşıdığını göstərir. Ümumilikdə, “Imagine” festivalı çərçivəsində təşkil olunmuş tədbirlərə 4 mindən çox insan gəlib. Bu, ötən ildə olduğundan daha çoxdur və ölkəmizdə festivalın populyarlığının artdığını göstərir.

“YARAT” Müasir İncəsənət Mərkəzinin əlaqələndiricisi Ülviyə Axundova belə mühüm sosial layihənin ölkəmizdə keçirilməsinə görə tədbirin təşkilatçılarına təşəkkür edib və təmsil etdiyi qurumun festival filmlərinin nümayişi məkanlarından biri olmasından məmnunluğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə