“Azərbaycanım” Respublika Uşaq Rəsm Sərgisində doğma yurdun gözəllikləri vəsf olunub

Yazın ilıq nəfəsindən puçurlayan badam çiçəkləri, yaşıllıqlar arasından burula-burula gedən kənd yolu, nar ağacının barlı budaqları, məhsul yığımından qayıdan kənd qadınları, dənizin lacivərd suları üzərindən uçan durna qatarı, Göyəzən dağının ətəyində dördnala çapan Dilboz at, nağıl qəhrəmanları, natürmortlar, peyzajlar…

Bu rəsmlərdən eləsi var ki, müəllifinin 7-8 yaşı var, eləsi var ki, 15… Amma onların hamısını doğma torpağa, Vətənə məhəbbət hissi bağlayır. Onların hər biri anamız Azərbaycanın gözəlliklərinə uşaq dünyasının pəncərələrindən baxırlar. Həmin pəncərədən gördüklərini kövrək və titrək barmaqları arasında sıxdıqları karandaş və fırça ilə kağız üzərinə köçürüblər…

AZƏRTAC xəbər verir ki, Xətai Sənət Mərkəzində “Azərbaycanım” Respublika Uşaq Rəsm Festivalının iştirakçıları doğma Vətənimizin gözəlliklərini son dərəcə böyük məhəbbətlə əks etdiriblər.

Tədbiri açan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov rəsm müsabiqəsinin “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində təşkil olunduğunu bildirib. Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov yeniyetmələrdə yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə münasibət, Vətənə məhəbbət hissi aşılamaq baxımından sərginin əhəmiyyətindən danışıb və onun iştirakçılarına uğurlar arzulayıb. Xətai Rayon İcra hakimiyyətinin nümayəndəsi Pənah İmanov və Qazax rayonunda keçirilən sərginin təşkilatçılarından biri Akif Əmirov da uşaqların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində belə sərgilərin böyük rol oynadığını bildiriblər.

Diqqətə çatdırılıb ki, festivalın rəsm müsabiqəsinə 15 yaşınadək 800 nəfərin 2 minə qədər rəsm işi təqdim edilib. Rəsmlərdən təxminən 160-ı seçilərək Xətai Sənət Mərkəzində sərgilənir. Qeyd edək ki, Qazax rayon məktəbliləri arasında keçirilən “Qazağım mənim” müsabiqəsində seçilmiş 10 rəsm əsəri də sərgidə yer alıb.

Ən yaxşı rəsm müəlliflərinə diplomlar təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən 30 ən yaxşı iş yekun sərgidə iştirak etmək hüququ qazanacaq.

…Rəsmlərdən birində torpağın köksünü yarıb ətrafı “qan dənizinə” qərq edən lalələr və laləli düzün kənarında dayanaraq qolunu bu gözəlliyə açan yeniyetmə bir qız təsvir olunub. Ağappaq geyinmiş bu qız sanki anamız Azərbaycana məxsus bütün gözəllikləri bağrına basmaq istəyirdi. Şəklin adı da elə belə idi: “El bilir ki…”

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...