Dahilər tarix yaratmağı bacarırlar

Azərbaycan Mədəniyyət Nazirliyinin tabeçiliyində olan Bakı Şəhər Mədəniyyət Baş idarəsinin 34 nömrəli uşaq musiqi məktəbi özünün yüksək tədrisinin, bacarığlı müəllimlərinin və dərin savadlı, yüksək təşkilatçı direktoru Vəfa Həziyevanın sayəsində bu gün respublikada ən aparıcı uşaq musiqi məktəblərindən biridir.

Biz, bu uşaq musiqi məktəbi ilə uzun illərdir ki, təmasdayıq. Amma üç il bundan qabaq 34 nömrəli uşaq müsiqi məktəbinə Vəfa Həziyevanın direktor təyin olunması ilə burada işlər birdən-birə çox yaxşılaşdı. Belə ki, Vəfa müəllimə məktəbə rəhbərlik etdiyi ilk günlərdən burada tədris və təlim sahəsində böyük işlər gördü. 34 nömrəli uşaq musiqi məktəbi Bakı Şəhər Mədəniyyət Baş idarəsinin böyük maliyyə köməkliyi ilə əsaslı surətdə təmir olundu. Bu təmirdən sonra isə uşaq musiqi məktəbinə yeni bir ab-hava gəldi. Bu ab-havanı də yeni direktor özü ilə, yüksək savadı, yaxşı təşkilatçələlığı ilə gətirdi. O, ilk öncə öz işinin peşəkarı olan müəllimlərə daha çox üstünlük verdi. Dərslərin keyfiyyətinə diqqəti çox artırdı. Məktəbə daha çox istedadlı uşaqlar qəbul olundu. Dərslərin gedişinə də həm özü və həm də direktor müavini, öz işinin yaxşı bilicisi Niyaz Qəhrəmanov çox ciddi nəzarət elədilər. Beləliklə, bu ciddilik, böyük zəhmət, hər işçiyə qayğı ilə yanaşmaq da özünün bəhrəsini verdi və 34 nömrəli uşaq musiqi məktəbi az bir vaxtda respublikanın ən aparıcı məktəblərindən biri oldu. Məktəb tez-tez respublikada keçirilən uşaq musiqi məktəblərinin müsabiqlərində iştirak etdi. Bu üç il ərzində məktəbin şagirdləri respublikada keçirilən müsabiqələrdə fəxri- fərmanlar və diplomlara layiq görüldülər. Amma 34 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin aldıqları bu mükafatlar isə tarixi mükafatlardır. Məşhur pianoçu Ədilə Hüseynovanın anadan olmasının 100 illiyinə həsr olunan “Fortepiano ansambılı və müşayət” üzrə II Respublika müsabiqəsində məktəbin V sinif şagirdi Murad Əliyev və Nəzrin Mərdanova III yerə layiq görüldülər. Onların müəllimi Aygün Əsgərovadır. 2016-cı ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyinə həsr olunan “Uşaq, yeyiyetmə və gənclər” arasında keçirilən respublika müsabiqəsində III sinif şagirdi Xəyal İsgəndərov III yerə layiq görülüb. Xəyalın müəllimi Məhbubə Ələkbərova, konsertmeyst Səbinə Zeynalovadır. Habil Əliyev adına gənc kamança ifaçılarının I Respublika müsabiqəsində V sinif şagirdi Fatimə Hacızadə III yerə layiq görülüb. Fatimənin müəllimi Məhbubə Ələkbərova, konsertsmeyst Səbinə Zeynalovadır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan və 2018-ci ilin aprel ayında keçirilən III Respublika müsabiqəsində, III sinif şagirdi Tunar Heydərova I yerə layiq görülüb. Tunarın müəllimi Oqtay Mürşüdov, konsertmeyst Afət Məmmədovadır. Şagirdlərin belə böyük mükafatlar alması təkcə onların müəllimlərinin yox, başda direktor Vəfa Həziyeva, müavin Niyaz Qəhrəmanov olmaqla bütün pedaqoji kollektivin uğuru və sevincidir. Onu da vurğulamaq istəyirik ki, məktəb 1985-ci ildən, yəni yarandığı gündən bu vaxta kimi belə böyük mükafatlar almayıb. Deməli, üç ildə çəkilən böyük zəhmət artıq özünün uğurlu, yaxşı bəhrəsini verməyə başlayıb. Və inanırıq ki, bu məktəbin şagirdləri gələn müsabiqələrdə də layiqli yerlər tutatcaqlar.

Bu günlərdə 34 nömrəli uşaq musiqi məktəbinin yaraşıqlı akt zalında keçirilən- ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan konsert isə üç illik zəhmətin pik nöqtəsi oldu desək yanılmarıq.

İlk öncə onu vurğulamaq istəyirik ki, bu konsert direktorun özünün rəhbərliyi ilə yüksək peşəkarlıqla tərtib olunmaqla, çox yaxşı, məzmunlu musiqi nömrələri seçilmişdi. Bu musiqi nömrələri Dünya, Avropa, Rus, Azərbaycan klassik və müasir bəstəkarlarının ən maraqlı, məşhur musiqiləri əsasında tərtib olunmuşdu.

Konsert proqramı uşaq musiqi məktəbinin şagirdi Aydan Vəlikişizadənin ifasında Xalq şairi Məmməd Arazın “Azərbaycan” şeiri ilə başladı. Sonra Azərbaycan himni səsləndi.

Bundan sonra səhnəyə 34 nömrəli uşaq musiqi məktəbinin müəlliməsi və bütövlükdə proqramın aparıcısı Dünyaxanım Mehdiyeva çıxdı. O, ulu öndər, dahi rəhbər Heydər Əliyevlə bağlı çox maraqlı fikirlər dedi və çıxışına belə başladı:

- Vaxtı biz seçmirik. Vaxt özü bizi seçir. Hətta vaxt öz axarında minlərlə, milyonlarla insanı əridib aparır. Yalnız tək-tək qeyri adi insanlar öz varlıqları, böyük şəxsiyyətlərilə yaşadıqları zamana da, müasirlərinə də təsir göstərə bilirlər. Beləliklə də yaşadıqları zamanın hüdudlarından kənara addımlayır və özlərinin böyük şəxsiyyət olduqlarını sübut edirlər. Bəzən adam düşünür ki, belə şəxsiyyətlər öz yaşadıqları zamandan da əvvəl yaşasaydılar dünyaya daha çox fayda verə biərdilər. Belə tarixi şəxsiyyətləri İlahi Varlıq da öz millətinə böyük bir sərvət, irs kimi hədiyyə edir. Çünki bu dahilər özləri tarix yaratmağı bacarırlar. Azərbaycan tarixində özü bir tarix yaradan dahilərdən biri də əbədiyaşar prezidentimiz, müasir Azərbaycanın qurucusu, memarı ulu öndər Heydər Əliyevdir. Bu dahi şəxsiyyət Azərbaycana rəhbərlik etməyə başladığı 1969-cu ilin 14 iyul tarixindən məmləkətimiz üçün böyük bir tarix yazdı. Bu tarixin davamını isə 1993-cü ildə xalqın istəyi ilə Naxçıvandan Bakıya gəlməsi ilə yenidən və daha maraqlı yazdı. Ümummili lider Azərbaycana rəhbərlik etdiyi on ildə böyük tarix yazmaqla ölkəmizi dünyada tanıtdı. Dahi rəhbər Azərbaycanda vətəndaş qırğınının qarşısını almaqla, respublikamızın parşalanmasının da qarşısını aldı. Çoxlu tarixi layihələr də məhz bu illərdə onun adı ilə bağlı oldu. 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında bağlanan neft kontraktı isə Azərbaycanı Cənubi Qafqazın ən aparıcı ölkəsinə çevirdi. MDB məkanının ən aparıcı ölkələrindən biri oldu Azərbaycan.

Sonra Dünyaxanım Mehdiyeva öz çıxışında onu da vurğuladı ki, ulu öndər Heydər Əliyev dövlətçilikdə qeyri-adi müdrik, uzaqgörənlik istedadına malik olduğu kimi tarixi, ədəbiyyatı, incəsənəti də çox dərin bilirdi. Azərbaycan ədəbiyyatının, incəsənətinin də yüksək inkişaf etməsinə böyük qayğı göstərirdi. İstənilən musiqi əsəri, incəsənət xadimlərinin yaradıcılığı haqqında çox yüksək, dəqiq fikirlər söyləyirdi. Onların yaradıcılığını yüksək peşəgarcasına təhlil edirdi. Ulu Öndər deyirdi: “Musiqi ayrı-ayrı xalqların bir-birinə yaxınlaşmasında, onların həmrəy olmasında, bir-birinin mədəniyyətinə dəyər verən ən yaxşı vasitədir. Mən şeirə də, musiqiyə də çox hissiyatlı insanam. Yüksək, peşəkar musiqiyə qulaq asanda həmişə həyacanlanıram. Çünki musiqi qəlbin aynasıdır”.

Hər il 10 may tarixində təkcə Azərbaycan xalqı yox, bir sıra dünya xalqları milli yaddaşımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu, memarı, banisi, ümummili liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edirlər. Çünki ümummilli liderin yad edilməsi özündən sonra böyük mənəvi irs qoymuş bu dahi şəxsiyyətin ömür fəaliyyətinə nəzər salmağa yaxşı imkan verir.

Ölkəmizdə Ulu Öndərin 95 illik yubileyi münasibəti ilə respublika və beynəlxalq səviyyəli tədbirlər keçirilir. Sərgilər təşkil olunur. Heydər Əliyevin çox illik uğurlu siyasi fəaliyyətinin bu gün də yaddaşlardan silinməməsi və bu dahi çəxsiyyətin qoyduğu siyasi irsini davam etdirmək xalqımızın mənəvi borcudur. Biz də bugünkü konsertimizi məhz dahi rəhbərin 95 illik yubileyinə həsr etməklə özümüzün mənəvi borcumuzu yerinə yetirmək istəyirik.

Dünyaxanım Mehdiyevanın bu çıxışından sonra 34 nömrəli uşaq musiqi məktəbi şagirdlərinin konserti başladı. Bir-birindən maraqlı, rəngarəng olan bu çıxışlar tamaşaçıların çox xoşuna gəldi. Çünki tamaşaçıların sürakli alqışları bunu sübut edirdi. Emil Rəhimovun ifasında Qara Qarayevin “Şən hadisə”, Aygün Baratzadənin və Tunar İsmayılzadənin ifasında Y. Krılovanın “Polka”, Elvin Rəhimovun ifasında Y. Savalovun “Qədim rəqs”, Rəsul Mehrəliyevin ifasında M. Baklanovanın “Mazurka”, Eynulla Məmmədovun ifasında Fikrət Əmirovun “Aşıqsayağı”, Zərintac Qurbanzadənin ifasında Ş. Danklanın “İntroduksiya və ronda”, Sofiya Kudryavtsevanın ifasında A. Qriçaninovun “Vals”, Sevil Osmanovanın ifasında N. Rakovun “Tarantella”, Fərid Xasməmmədovun ifasında Səid Rüstəmovun “Qaytağı”, Zərintac Qurbanzadənin və III Respublika müsabiqəsində III yeri tutan Xəyal İsgəndərovun ifasında R. Lagidzenin “Tbilisi haqqında mahnı”, III Respublika müsabiqəsinin laureatı Tunar Heydərovun ifasında “Oğuz rəqsi”, Elşən Həsənovun ifasında Emin Sabitoğlunun “Bura Qafqazdır”, Maarif Baxışovun ifasında Tofiq Quliyevin “Görüş” kinofilmindəki “Vals” musiqisi, Murad Əliyevin ifasında Sergey Raxmaninovun “Prelüd № 2” əsərləri, məktəbin saz çalanlar ansambılının ifasında “Orta şəşəngi”, Şükriyyə Həsənlinin ifasında Pyotr Çaykovskinin “Sentimental vals” əsəri həm ifa tərzinə, həm aktyorluq bacarığına görə tamaşaçılara daha yaxşı təsir bağışladı. Çox möhtəşəm təşkil olunan bu konsert, Vüqar Camalzadənin “Vətən sağ olsun” xor mahnısı ilə sona yetdi. Dirijor Dünyaxanım Mehdiyevanın yüksək peşəkarlıqla idarə etdiyi və kosertmeystr Nərmin Şərifovanın peşəkar səviyyədə çaldığı musiqi ilə məktəbin müəllimlərindən və şagirdlərindən ibarət bu xor kollektivi mahnını əla peşəkarlıqla ifa etdilər. Tamaşaçıların da elə ən çox xoşuna gələn o idi ki, məktəbin müəllimləri öz şagirdləri ilə birlikdə bu xorda iştirak etməklə konsertə çox maraqlı bir ab-hava, peşəkarlıq gətirdilər.

Bu konsertdə ən yaxşı mütəşəkkillikdən biri də o idi ki, tədbirdə Bakı Şəhər Mədəniyyət Baş idarəsinin işçiləri və Bakı şəhərindəki bir sıra uşaq musiqi məktəblərinin direktorları da iştirak edirdilər. Onlar da öz həmkarları Vəfa xanımla birlikdə belə maraqlı konsertə görə sevinirdilər. Məktəbin kollektivinin sevincinə şərik olurdular. Bu da çox böyük təqdirəlayiq bir işdir.

Beləliklə, Bakı şəhər 34 nömrəli uşaq musiqi məktəbi bu çıxışları ilə bir daha sübut etdilər ki, onlar bu gün respublikanın ən aparıcı musiqi məktəblərindən biridirlər.

Bu kollektivə bundan sonra daha cavabdehli işlər tapşırmaq olar. Onları təkcə Azərbaycanda yox, respublikamızın hüdudlarından kənarda keçirilən müsabiqələrə də göndərmək olar. Həmin müsabiqələrdən də onlar respublikamıza yaxşı mükafatlar gətirə bilərlər.

Bu fikir doğrudan da bir həqiqətdir ki, “yaxşı kadrlarlar xalqın sərvətidir”. Vəfa Həziyevanın 34 nömrəli uşaq musiqi məktəbinə direktor təyin olunması bu məktəbə bir intibah, yenilik gətirib. Bizim bu konsertdə gördüyümüz balaca fidanlar vaxt gələcək özlərinin yüksək peşəkarlıqları ilə Azərbaycanı dünya səviyyəli müsabiqələrdə təmsil etməklə respublikamıza böyük uğurlar gətirəcəklər. Həmin vaxt biz də böyük fəxarətlə deyəcəyik ki, onlar 34 nömrəli uşaq musiqi məktəbinin yetirmələridir. O günlər heç də uzaqda deyil.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadim

Bütün xəbərlər Facebook səhifəmizdə