“Azərbaycanım” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Azərbaycanım” adlı Respublika Uşaq Rəsm Festivalının rəsm müsabiqəsinə 15 yaşa qədər 800-ə yaxın uşaq, 2000-dək işlə qatılıb.

SİA-nın məlumatına görə, müsabiqə uşaqlar arasında yaradıcılıq meyillərini stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə münasibət, ən əsasıda doğma Vətənə məhəbbət hisslərini artırmaq məqsədilə keçirilib. Uşaqlar əsərlərində əsasən yaşadığı bölgənin milli mədəni və tarixi abidələrini, yerli mətbəx nümunələrini, bölgəyə xas olan flora və faunanı, qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimləri, musiqi alətlərini, müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, sürücü və s.) obrazlarını, o cümlədən, hərbi vətənpərvərlik mövzusu və qəhrəmanların obrazlarını təsvir edən əl işlərini müsabiqəyə təqdim ediblər.

Sərgidə həmçinin Qazax rayonu məktəbliləri arasında keçirilən “Qazağım mənim” müsabiqəsində seçilmiş 10 ən yaxşı əsərin nümayişi nəzərdə tutulur.

Müsabiqənin şərtlərinə uyğun olaraq sərgidən 30 ən yaxşı işin müəllifi festivala qatılacaq.

Müsabiqənin yekun sərgisi 22 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə