Mədəniyyət xadimləri üçün ikigünlük təlim keçiriləcək

Bakıda “British Council Azerbaijan” təşkilatı, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi, Nizami Kino Mərkəzi və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə mədəniyyət xadimləri üçün ikigünlük təlim keçiriləcək. “British Council Azerbaijan” təşkilatından SİA-ya verilən məlumata görə, mayın 24-dən başlanacaq təlimdə Azərbaycanın tanınmış mədəniyyət xadimləri iştirak edəcəklər. Təlimlər “British Council”ın “Bərabərlik, müxtəliflik və inklüzivlik”, eləcə də Nizami Kino Mərkəzinin “Hər kəs üçün kino” strategiyalarına uyğun olaraq əlil şəxslər üçün daha müyəssər və inklüziv mühitin yaradılması məqsədilə təşkil olunur.

Təlim Müstəqil Kino Ofisinin nümayəndəsi, britaniyalı ekspert Cemma Baklinin rəhbərliyi ilə gerçəkləşəcək. C.Bakli, eyni zamanda, kinoteatrların eşitmə məhdudiyyətli insanlardan ibarət auditoriyası üçün nəzərdə tutulan proqramlar haqqında danışacaq.

“YARAT” Müasir İncəsənət Məkanında keçiriləcək tədbir hər kəsə açıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə