ATMU-da təhsilin inkişafı başlıca vəzifələrdəndir

Azərbaycan Turizm və Menecment Universitetində təhsilin inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı ciddi addımların atılması prosesi davam edir. SİA-nın məlumatına görə, bununla bağlı bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq və danışıqlar prosesinə artıq start verilib. Belə ki, ATMU-da Avropa İttifaqının maliyyələşdirdiyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin layihəsi olan “Milli Kvalifikasiya Çərçivəsi (MKÇ)” ilə əməkdaşlıq məqsədi ilə görüş keçirilib. Görüşdə ATMU-nun elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov, ATMU-nun Biznes İdarəçiliyi fakültəsinin dekan müavini Hüseyn Həsənov, MKÇ-nin təhsil standartları və kurrikulum inkişafı üzrə ekspert Jenevyeva Makqabe, MKÇ-nin təhsil standartları və qiymətləndirmənin inkişafı üzrə meneceri Aynur Kərimova və MKÇ-nin təhsil proqramları və kurrikulumların inkişafı üzrə meneceri Mehparə Əhmadova iştirak ediblər.

Görüşü çıxış nitqi ilə açan elm və inkişaf məsələləri üzrə prorektor Anar Eminov ATMU-da dünya standartlarına cavab verəcək təhsil mühitinin daha da inkişaf etdirilməsi sahəsində atılan ciddi addımları sadalayıb. Dərslərin keçirilməsi zamanı müasir texnologiyanın tədbiqi, tələbələrin biliklərinin qiymətləndirilməsi və tədris prosesinin təşkili üçün elektron sistemin inkişafı ilə bağlı qonaqlara təraflı məlumat verib. Boston Modeli çərçivəsində ATMU-nun tədris planlarının dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə məsləhətli şəkildə yenidən qurulması və sənayenin tələblərinə uyğunlaşdırılması prosesinin icrası vəziyyətini məruzə edib. Həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 Dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”-ndə də göstərilən ATMU-nun bazasında turizm üzrə MBA proqramının yaradılması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Belə ki artıq bu ildən MBA üçün müxtəlif ixtisaslara 60 yer ayrılıb ki, qarşıdan gələn 2018-2019-cu tədris ilində artıq bu ixtisas üzrə tədrisin təşkili həyata keçiriləcək. ATMU-nun Biznes İdarəçiliyi fakültəsinin dekan müavini Hüseyn Həsənov qonaqlara ATMU-da tələbələrin biliklərinin qiymətləndirilməsi və ümumi təhsil standartları ilə bağlı geniş məruzə edib.

Görüşdə həmçinin təhsil müəssisələri qarşısında duran ən mühüm və ən aktual məsələlərə toxunulub. Sənaye və təhsil arasında boşluğun minimuma endirilməsi, tədris prosesində sənaye ağırlıqlı tədris planlarının tədbiqi, yeni ixtisaslaşmaların yaradılması və təsdiqi prosesində sənaye ehtiyaclarının düzgün qiymətləndirilməsi və nəzərə alınması, həmçinin təhsilin müxtəlif səviyyələri arasında uyğunluq, ixtisaslaşmaların seçilməsi zamanı daha ümumidən xüsusiyə keçid prinsipinin tətqibi ilə bağlı strateji məsələləri və planlaşdırılma prosesi qarşılıqlı müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə